Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Strasburqa səfəri çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Robert Spano ilə görüşüb.
Ombudsman Aparatından AzerTimes-a bildiriblər ki, görüş zamanı tərəflər arasında insan hüquqları sahəsində müxtəlif məsələlərə dair qarşılıqlı müzakirə aparılıb.
S.Əliyeva Ombudsman Aparatı ilə Avropa Şurası arasında əməkdaşlıq əlaqələrindən danışarkən təsisatın ayrı-seçkilik üzrə fəaliyyətinin gücləndirilməsinə verilən dəstəyi də qeyd edib. Ombudsman bu mövzuda paytaxt və regionlarda keçirilən təlimlərdə vətəndaş cəmiyyəti nümayəndələrinin də fəal iştirak etdiyini diqqətə çatdırıb.
Ombudsman çıxışında informasiya əldə etmək hüququnun təmininə nəzarət funksiyası ilə bağlı fəaliyyətin genişləndirildiyini, maarifləndirmə tədbirlərinin təşkil olunduğunu və bu hüququn pozulması halları ilə bağlı protokollar tərtib olunduğunu qeyd edib.
Görüşdə Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq, milli qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə ombudsman tərəfindən verilmiş təkliflər barədə də danışılıb.
Bununla yanaşı, ombudsman tərəfindən Konstitusiya Məhkəməsinə müxtəlif məzmunlu sorğular göndərildiyi nəzərə çatdırılıb. S.Əliyeva, həmçinin ombudsmanın illik məruzələrində verilən təkliflərin həyata keçirilməsi ilə bağlı təcrübə haqqında da geniş məlumat verib.
Ombudsman onu da bildirib ki, postmüharibə dövründə Azərbaycanın azad edilmiş ərazilərinə təhlükəsiz qayıdışa və bərpa-quruculuq işlərinin tam sürətlə aparılmasına ən böyük əngəl Ermənistanın həmin ərazilərdə basdırdığı minalar və onların düzgün xəritələrini təqdim etməməsidir. Bundan başqa, qarşı tərəfin hələ də Azərbaycana 30 ilə yaxındır ki, itkin düşmüş hesab olunan 4 minə yaxın soydaşımız barədə məlumat vermədiyi nəzərə çatdırılıb.
Görüş zamanı R.Spanoya ombudsman təsisatının yeni hazırlanmış və xarici dillərə tərcümə olunmuş hüquqi maarifləndirici nəşrləri, habelə müharibə və postmüharibə dövründə ombudsmanın fəaliyyətini əks etdirən materiallar toplusu təqdim olunub.