Ombudsman Aİ-ni mina xəritələrini Azərbaycana vermədiyi üçün Ermənistana təsir göstərməyə çağırıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da iştirak edib.

Görüşdə Ermənistanla Azərbaycan arasında 44 gün davam etmiş və 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnmiş İkinci Qarabağ müharibəsi, habelə post-müharibə dövründə insan hüquqları ilə bağlı vəziyyət əsas müzakirə mövzusu olub. Nümayəndə heyəti üzvlərinin Ombudsmanın müharibə və müharibədən sonrakı dövrdə insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə çoxsaylı sualları cavablandırılıb.

Ombudsman Səbinə Əliyeva müharibə dövründə Ermənistan tərəfindən insan hüquqlarının kobud şəkildə pozulması faktlarına toxunub, bununla bağlı beynəlxalq təşkilatlara, o cümlədən Avropa İttifaqına ünvanlanmış bəyanat, müraciət, açıq məktub və hesabatlardan söz açıb. Səbinə Əliyeva Naftalan, Tərtər, Gəncə, Bərdədə qadağan olunmuş silahlardan istifadə edilməklə mülki şəxslərin hədəfə alındığı yaşayış məntəqələrində faktaraşdırıcı missiya səfərləri və toplanmış sübutlar əsasında hazırlanmış hesabatlar barədə qonaqlara ətraflı məlumat verib. Ombudsman 44 günlük müharibə zamanı Ermənistanın hücumları nəticəsində həlak olmuş uşaqlar, həmçinin Ermənistan tərəfinin Azərbaycanın hərbi əsir və girovlarına qarşı qeyri-insani rəftarı ilə bağlı da hesabatlar hazırlandığını nəzərə çatdırıb.

Ombudsman Ermənistan tərəfindən işğal dövründə minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi, nəticədə mülki şəxslərin minaya düşərək həlak olması və yaralanması ilə bağlı faktları qonaqların diqqətinə çatdırıb, Avropa İttifaqını bu məsələdə Ermənistana təsir göstərməyə çağırıb. Ombudsman müharibə bitdikdən sonra məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasının qarşısını alan bu halın ciddi narahatlıq doğurduğunu qeyd edib.

T.Klaar qəbula görə təşəkkür edib, Ombudsman təsisatının fəaliyyətini yüksək qiymələndirərək gələcək əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Teqlər: