Ombudsman Ağdaban soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) Ağdaban soyqırımının 30-cu ildönümü ilə əlaqədar
bəyanat yayıb.

Trend-in məlumatına görə bəyanatda qeyd
edilir:

“Bu gün Ağdaban soyqırımından 30 il ötür.

Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu
soyqırım və etnik təmizləmə siyasəti nəticəsində minlərlə günahsız
insan qətlə yetirilmiş, kütləvi qırğınlar törədilmişdir.

Ermənistanın insanlıq əleyhinə yönəlik çoxsaylı cinayətlərindən
biri də 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun
Ağdaban kəndində törədilmiş, kənd əhalisinə işgəncələr verilmiş,
insanlar kütləvi şəkildə qətlə yetirilmiş, ahıllar, uşaqlar və
qadınlar diri-diri yandırılmışdır.

Bununla yanaşı, kənd ərazisində mövcud olmuş və bəşər
sivilizasiyasına aid tarixi, mədəni və dini obyektlər dağıdılmış,
Azərbaycanın mədəni irsinə aid əsərlər, o cümlədən şair Ağdabanlı
Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin
əlyazmaları məhv edilmişdir.

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində
ermənilər tərəfindən soyqırım cinayəti, habelə mədəni irsə qarşı
vandalcasına dağıntılar törədilməsi nəticəsində insan hüquqları
sahəsində mövcud olan beynəlxalq sənədlərin tələbləri kobud şəkildə
pozulmuşdur.

Beynəlxalq təşkilatları və dövlətləri Ağdaban soyqırımını
törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında
cəzalandırılması üçün qətiyyətli addımlar atmağa, bu qətliamı
soyqırım və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa
çağırıram”.

Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin
Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali
Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan
Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının,
Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa
Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına,
İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin
Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının
Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları
Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif
ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına,
Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin
respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor
təşkilatlarına göndərilmişdir.

Teqlər: