Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 Yanvar abidə kompleksini ziyarət edib.
Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, S.Əliyeva abidə önünə əklil qoyub, 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ehtiramını ifadə edib.
20 Yanvar abidə kompleksi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə inşa edilmişdir. Memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyev olan bu abidə-kompleksi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş faciənin qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldılmışdır.
Abidə kompleksinin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözləri qızılı hərflərlə həkk olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev abidə kompleksinin açılışını 20 yanvar 2010-cu ildə etmişdir.