Atlantik okeanın dalğaları ilə La Palma, Kanarya adasının sahillərinə ölü kaşalot atılıb.
AzerTimes xəbər verir ki, Las Palmas Universitetinin (Kanarya adaları) Heyvanların sağlamlığı və ərzaq təhlükəsizliyi İnstitutunun direktoru Antonio Fernandes Rodriqes heyvanın hansı səbəbdən öldüyünü anlamaq üçün onu tədqiq edib.
Tədqiqatçı kaşalotun qalın bağırsağını tədqiq edib və oradan diametri 50-60 santimetr və çəkisi 9,5 kiloqram olan daşa bənzər bir kütlə çıxarıb.
Məlum olub ki, alim “üzən qızıl” kimi tanınan nadir maddə olan boz rəngli ənbər aşkar edib. O, kaşalotun bədənində əmələ gəlir, sonra müxtəlif səbəblərdən (o cümlədən təbii səbəblərdən) ifraz olunur və günəşdə uzun müddət “yetişdikdən” sonra ətriyyatçılar üçün son dərəcə qiymətli olur. Ənbər son dərəcə bahalı maddədir və buna görə də o, yalnız eksklüziv ətirlərdə istifadə olunur.
İnstitut ənbər üçün alıcı axtararkən, Fernandes əldə edəcəyi gəliri 2021-ci ildə La Palma vulkanı püskürməsinin qurbanlarına kömək etmək üçün istifadə etməyi planlaşdırır.
Tapılan parça təxminən 500 min avro dəyərindədir.