Bakı Ağır Cinayətlər Məhkəməsində ölkəyə külli miqdarda narkotik
keçirən Novruzəli Novruzov və Amid Həmzəyevin cinayət işi üzrə
məhkəmə prosesi başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Siyavuş Novruzovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Novruzəli Novruzov 11 il, Amid Həmzəyev isə 10 il
6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda
bildirilib ki, paytaxtın Yasamal, Səbail, eləcə də Cəlilabad
rayonlarında həyata keçirdikləri növbəti əməliyyatlar zamanı
xaricdə yaşayan və ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik
maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradaraq
sərhədyanı rayonların ərazilərində narkotik vasitələri əldə edib
Bakı şəhərinə gətirən daha sonra burada həmin maddələrin onlayn
yolla hissə-hissə müxtəlif şəxslərə çatdırmaqla satışını təşkil
edən şəxslər saxlanılıblar. Tədbirlər zamanı qeyd edilən qanunazidd
əməllərlə məşğul olan Cəlilabad rayon sakinləri əvvəllər məhkum
olunmuş Novruzəli Novruzov, onun həmyerlisi Amid Həmzəyev Müvafiq
olaraq Novruzəli Novruzov və Amid Həmzəyevin üzərindən və Bakı
şəhərində gizlətdikləri ünvanlardan satış üçün əldə etdikləri ümumi
çəkisi 6 kiloqram 781 qram olan heroin, tiryək, metamfetamin və 1
ədəd elektron tərəzi aşkar edilib.
Novruzəli Novruzov Cəlilabad və ətraf rayonlarda narkotik
vasitələrin qanunsuz dövriyyəsinə rəhbərlik edən, həmçinin paytaxt
ərazisinə narkotik vasitələri gətirərək satışını təşkil edən əsas
şəxslərdən biri olub. O, narkotik vasitələrin satışı zamanı
şəxsiyyətini gizli saxlamaq üçün “Ataş” adından istifadə
edirmiş.