Ölkəyə narkotik daşıyan qadınlardan ibarət narkobandaya hökm oxunub

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində ölkəyə külli miqdarda narkotik
gətirməkdə təqsirləndirilən İlahə Babayeva, Nərminə Kərimova və
Lalə Məmmədovanın işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AzerTimes-ın
məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən
prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə dəstə üzvlərinin hər biri 12 il azadlıqdan
məhrum edilib.

İttihama görə, ötən ilin yanvar ayında Hava Nəqliyyatında Baş
Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan
məlumat əsasınıda İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan
vətəndaşı Babayeva İlahə Əziz qızına məxsus çamadan gömrük nəzarəti
zamanı saxlanılıb.

Yoxlama zamanı çamadanın içərisində malların aşkar edilməsini
çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən qəhvə
qutularının içindəki sellofan paketlərdən 1 542 ədəd MDMA
(metilendioksimetamfetamin), uşaq yeməyinin içinə yerləşdirilən bir
bükümdə 320,105 qram narkotik vasitə kokain, çay paketinin içinə
yerləşdirilən sellofan paketdə isə təsiredici maddəsinin ümumi
miqdarı 87,106 qram olan və dünyada ən təhlükəli narkotik vasitə
hesab edilən MDMB-4en-PİNACA (Bonzay) maddəsi aşkar edilib.

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin
əməkdaşları tərəfindən narkotik vasitələrin çatdırılmalı olduğu
şəxslərin müəyyən edilməsi üçün əməliyyat tədbiri həyata
keçirilib.


Aparılan təxirəalınmaz istintaq hərəkətləri ilə cinayətkar
qrupun digər üzvləri Məmmədova Lalə İlqar qızı və Kərimova Nərminə
Çingiz qızının törədilmiş cinayətdə iştirakçı olmalarına dair
əsaslı şübhələr müəyyən edilib. L.Məmmədovanın yaşadığı ünvanda
keçiriən axtarış zamanı 2 bükümdə, ümumi çəkisi 8,512 qram
psixotrop maddə-metamfetamin, 502 həb MDMA
(metilendioksimetamfetamin), 8 bükümdə ümumi çəkisi 7,337 qram
təşkil edən narkotik vasitə kokain və 70 həb preqabalin, həmçinin
elektron tərəzi, narkotik vasitə, psixotrop və güclü təsir edən
maddələrin qəbulunda istifadə edilən çoxlu sayda alətlər, həmin
maddələrin alqı-satqısına dair yazıların olduğu qeydiyyat
dəftərləri aşkar edilib.

Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs
qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib
və Yasamal Rayon Məhkəməsinin qərarına əsasən barələrində həbs
qətimkan tədbiri seçilib.

Xatırladaq ki, metamfetamin və MDMA (metilendioksimetamfetamin) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən
psixotrop maddələrin I Siyahısı”na, preqabalin” adlı dərman
preparatı isə Azərbaycanın müvafiq qanunu ilə təsdiq edilən “Güclü
təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na
daxildir.

Aşkar edilən “preqabalin” adlı dərman preparatının təsiredici
maddəsinin ümumi miqdarı 21 qram, MDMA (metilendioksimetamfetamin)
təsiredici maddəsinin ümumi miqdarı isə 378,402 qramdır.

Teqlər: