Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını alıb.
Komitədən AzerTimes-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus bel çantası rentgen qurğusundan keçirilən zaman monitorda şübhəli təsvirlər müşahidə edilib. Yoxlama zamanı çantanın qulplarından aşkar edilən 2 ədəd bağlamada kristal şəklində psixotrop maddənin olduğu müəyyənləşdirilib.
Bundan başqa həmin şəxsin çantasından gömrük orqanına bəyan edilməyən bir ədəd “İphone 13 Starlight, 128 GB” markalı mobil telefon da aşkar edilib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən psixotrop maddə çəkisi 348 qram olan metamfetamindir.
Xatırladaq ki, metamfetamin ölkə ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.