Ölkənin milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq – Əli Nağıyev

Ölkənin milli maraqlarına yönələn bütün təhdid və hər cür
cəhdlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.


Trend
-in Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına
istinadən məlumatına görə, bunu DTX-nin rəisi general-polkovnik Əli
Nağıyev Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü
ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Əli Nağıyev tədbirdə çıxış edərək şəxsi heyəti və veteranları
peşə bayramı münasibətilə təbrik edib. Mənalı ömrünün 25 ilini
təhlükəsizlik orqanlarına həsr edərək şərəfli xidmət yolu keçən Ulu
Öndər Heydər Əliyevin bu orqanların fəaliyyətinə verdiyi
əvəzolunmaz töhfələrdən danışan Xidmət rəisi qeyd edib ki,
Ümummilli Lider Azərbaycan xüsusi xidmət orqanlarının tarixində
peşəkarlıq məktəbi yaradıb, sovet dövründə və müstəqillik illərində
ölkəyə rəhbərliyi dövründə heç zaman bu orqanlardan diqqət və
qayğısını əsirgəməyib.

General-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə yürüdülən
uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızda
təhlükəsizliyin etibarlı şəkildə qorunduğunu, müəyyən xarici
dairələr və düşmən qüvvələr tərəfindən ölkəmizə yönələn
terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının
vaxtında və çevik alınması üçün müvafiq tədbirlərin davam
etdirildiyini bildirilib və müasir dövrdə DTX-nin qarşısında duran
əsas vəzifələr barədə məlumat verib.

Çıxışının sonunda general-polkovnik Əli Nağıyev əminliyini ifadə
edərək deyib ki, heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan
döndərə bilməz, ölkənin milli maraqlarına yönələn bütün təhdid və
hər cür cəhdlərin qarşısı Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi
heyəti tərəfindən bundan sonra da qətiyyətlə alınacaq, ölkədə
davamlı sabitlik və əmin-amanlıq təmin ediləcəkdir. Xidmət rəisi
tərəfindən DTX-nin əməkdaşlarının sosial müdafiəsinin
gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına
göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq
ifadə edilmişdir.

Teqlər: