Xəbər - Samir Əli – Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində avtomobil yollarındakı vəziyyəti açıqlayıb.
Qurumun mətbuat katibi Anar Nəcəfli AzerTimes-a açıqlamasında bildirib ki, hazırda Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, Quba rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub: “Giləzi – Xızı yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Bakı – Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan – Şamaxı – Muğanlı yolunda da yağıntı yoxdur, Qobustan və Şamaxı rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı – Ağsu – Yevlax yolunda Muğanlı-Ağsu ərazisində 3-4 dərəcə şaxta var. Ağsu dolaylarında gecə saatlarında buzlaşma olub, yola qum-duz səpilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir”.
A. Nəcəfli bildirilir ki, hazırda Bakı – Ələt – Hacıqabul, Hacıqabul – Ucar – Yevlax, Yevlax – Gəncə – Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi yollarında nəqliyyat vasitələrinin hərəkəti təmin olunub: “Muğanlı – İsmayıllı yolunda yağıntı olmasa da, İsmayıllı rayonu ərazisinə 5-6 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq buzlaşmaya qarşı körpülərə, sərt döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı – Qəbələ – Oğuz – Şəki yolunda İsmayıllı rayonu ərazisində 5-6 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gecə saatlarında güclü şaxta olub, buzlaşmaya qarşı körpülərə, döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəddində Qax rayonu ərazisinə 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax – Şəki (Göybulaq) yolunda nəqliyyat vasitələrinin hərəkəti təmin olunsa da, Gəncə-Daşkəsən-Xoşbulaq yolunda gecə saatlarında 12-16 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub”.
Qurum rəsmisi deyib ki, Şəmkir – Gədəbəy yolunda gecə saatlarında 10-15 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub: “Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı – Yardımlı yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Lənkəran – Lerik avtomobil yolunda isə 2-3 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda vəziyyət tam normaldır və nəqliyyat vasitələrinin hərəkəti normaldır”.