Millət vəkili, BAXCP sədri, prezidentliyə namizədliyini irəli sürən Qüdrət Həsənquliyev partiyanın mətbuat orqanına verdiyi geniş müsahibəsində namizəd kimi proqramının bəzi hissələrini açıqlayıb.
AzerTimes xəbər verir ki, Q.Həsənquliyev prezident seçiləcəyi halda bu qərarları verəcəyini bildirib:
– parlamentə Xankəndi üzərində dövlət suverenliyinin bərpası ilə əlaqədar böyük amnistiya aktı haqqında qərar layihəsi göndərəcək;
– Konstitusiya islahatları nəticəsində dövlətin adını dəyişib, Şimali Azərbaycan Cümhuriyyəti adlandırılmasına nail olacaq;
– ölkə 15 inzibati ərazi vahidə – regiona bölünəcək, regionların yerli sakinlər tərəfindən seçilən 31 nəfərdən ibarət Məclisləri olacaq və region rəhbərləri həmin Məclisdə seçiləcək;
– ədalətli məhkəmə hakimiyyəti üçün məhkəmələrdə andlı iclasçılar institutu tətbiq edəcək. Məhkəmədə çəkişən tərəflərdən kimin haqlı olmasını hakim yox, xalqın arasından seçiləcək 12 nəfər sadə vətəndaş (andlı iclasçılar ) müəyyən edəcək;
– ədliyyə naziri və Baş prokuror vəzifələri birləşdiriləcək, vahid Dövlət İstintaq Komitəsi formalaşdırılacaq.
– qadınlar üçün pensiya yaşı 59-a, kişilər üçün 61-ə endiriləcək;
– pensiyaların minimum həddi orta aylıq əmək haqqının 80%-dən az olmayacaq;
– ailələrə “uşaqpulu” deyilən aylıq müavinətlər veriləcək;
– müqavilə əsasında peşəkar ordu qurulacaq, çağırış yaşına çatmış oğlanlar ya orduya hərbi xidmət keçmədiyi üçün pul ödəyəcək, ya da 6 ay hərbi xidmət keçəcək;
– peşəkar hərbçilər məcburi 20 il xidmət keçəcək;
– büdcədən maliyyələşən şəxslərin əmək haqqı əhəmiyyətli məbləğdə artırılacaq, çünki aparılacaq islahatlar nəticəsində büdcə gəlirləri dəfələrlə artacaq;
– təhlükəsizlik sahəsində Türkiyə, Rusiya, Pakistan və İsrail ilə yaxından əməkdaşlıq edəcək ,türk dövlətləri ilə yaxınlaşma siyasəti davam etdiriləcək.