Heç kimə sirr deyil ki, 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra Ulu Öndərin hakimiyyətə gəlişinə qədər dövlət hakimiyyətinin strukturlarının qurulmasında ciddi problemlər mövcud idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ildə Prezident seçildikdən sonra bütün taleyüklü məsələlərin həllinə düşünülmüş şəkildə start verdi. Gənclər siyasəti də Ulu Öndərin diqqətindən yayınmamışdı. Gənclərin inkişafı üçün görülən bütün işlər ümumilikdə ölkənin hərtərəfli inkişafının təmin olunması üçün potensial kadr bazasının hazırlanması və vətənpərvər gənclərin, yetişdirilməsinə istiqamətlənmişdi. Ulu Öndər gəncləri əhatə edən işlərin görülməsi ilə yanaşı özünün müdrik tapşırıqlarını da ifadə etmişdi. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyə qeyd edən böyük azərbaycanlının bu sözləri Azərbaycan gənclərinin qarşısında duran vəzifələri müəyyən edirdi. Gənclər bu tapşırığın öhdəsindən gəldi və gəlməkdədir. Bugünkü gənclər siyasəti Ulu Öndərdən Azərbaycan dövlətinə və Azərbaycan xalqına miras qalan çoxsaylı işlərdən biridir. Ulu Öndər Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı uğurlu gələcəyə aparan Prezident İlham Əliyev də gənclərlə iş sahəsində işlərin görülməsini xüsusi diqqətdə saxlayır. Möhtərəm Prezident gənclərə müraciətində,qeyd etdi ki, “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu sözlər gənclərimiz üçün böyük motivasiya olmaqla onların davamlı fəaliyyətini stimullaşdırıb.
Bu gün təntənəli şəkildə qeyd etdiyimiz Gənclər Gününün də tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1995-ci ildə gənclər forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü və 1996-ci ilin 2 fevral tarixində 1-ci Gənclər Forumu baş tutdu. 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq sərəncamla Azərbaycan Gənclərinin Forumunun keçirildiyi tarix – 2 fevral ölkəmizdə gənclər günü kimi qeyd olunmağa başlanıldı. Ondan sonra keçən dövrdə Azərbaycanda hər 3 ildən bir gənclər forumları keçirilir. Forumlarda gənclərimizi maraqlandıran məsələlər müzakirə olunur, qərarlar qəbul olunur. Prezident İlham Əliyevin hakimiyyəti dövründə də gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Gənclər üçün yeni imkanlar yaradılmış, onların hərtərəfli inkişafı üçün dövlət tərəfindən mühüm töhfə verilmişdir. Bu gün hakimiyyət qollarında gənclərlə işləyən ixtisaslaşmış orqanlar mövcuddur. Biz burada xüsusi olaraq Prezident Administrasiyasında Gənclər Siyasəti və İdman Məsələləri şöbəsini, Milli Məclisin Gənclər və İdman komitəsini, Gənclər və İdman Nazirliyini, Gənclər Fondunu göstərə bilərik. Eyni zamanda Azərbaycanda 300-ə yaxın Gənclər sahəsində işləyən Qeyri-Hökümət Təşkilatları fəaliyyət göstərir. Müxtəlif elmi-tədqiqat mərkəzlərində də kifayət qədər sayda gənclərimiz çalışırlar. Biz bu misalları artıra, gəclərimizin uğurları haqqında daha çox danışa bilərik. Təbii ki, bu uğurların əldə olumasında uğurlu dövlət gənclər siyasəti dayanır. Gənclər hər zaman dövlətin diqqətini, xüsusilə prezident İlham Əliyevin dəstəyini hiss edirlər.
Azərbaycan gəncləri 44 günlük Vətən Müharibəsi zamanı da olduqca böyük qəhrəmanlıq göstərdilər. Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Prezident İlham Əliyev də müharibə zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaətdən geniş danışmış, onların vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirmişdir. Mən əminəm ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanının inkişafı üçün əllərindən gələni edəcək və prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcəklər. Bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim. İşğal altında olan torpaqlarımızın azad olumasında iştirak edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, prezident İlham Əliyevin idarəçiliyinin məzunlarıdır.
Fürsətdən istifadə edib bütün gəncləri 2 fevral – Gənclər Günü münasibətilə təbrik edirəm. Gənclər daim hərəkətdə olmalı, özünün kəşf etdiyi istiqamət üzrə potensialını artırmalı və vətəninə, dövlətinə bağlı olmaqla qüsursuz xidmət etməlidir. Ölkəmizin davamlı inkişafı üçün onların üzərinə böyük yük düşür.
Şahin İsmayılov
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü