Ölkə iqtisadiyyatının infrastruktur sahələrindən olan nəqliyyat cəmiyyətin sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkə ərazisində müasir nəqliyyat-logistika infrastrukturunun yaradılmasına, xüsusən də respublikanın dəmir yolu sektoruna böyük həcmlərdə investisiyaların yönəldilməsi heç də təsadüfi deyil.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, məhz bunun nəticəsində bu gün Azərbaycan dəmir yolu sahəsində logistik mərkəzə, tranzit ölkəyə çevrilib, nəqliyyat sahəsində dünyada lider dövlətləri sırasında yer alıb. Dövlət başçısının təşəbbüsü, əzmkarlığı sayəsində Bakı-Tbilisi-Qars və digər beynəlxalq, regional nəqliyyat dəhlizləri, transmilli layihələr ardıcıl olaraq reallığa çevrilir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində əsas rol oynayan Azərbaycan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında dəmir yollarının səmərəliyinə görə 11-ci pilləyə ucalıb.
Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdıran Bakı-Tbilisi-Qars dəmir yolu digər layihələrlə birlikdə Avropa ilə Asiya arasında ən qısa bağlantı qurur, yüklərin qısa müddətdə, tam təhlükəsiz şəkildə təyinat yerlərinə çatdırılmasını təmin edir. Ölkəmizin dəmir yolu infrastrukturundan bir çox ölkələrin istifadə etməsi, Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması respublikamızın tranzit daşımaları baxımından imkanlarını artırır. Bunu pandemiya dövründə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, respublikamızdan keçən Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcminin təxminən 20 faiz artması da təsdiqləyir.
Ölkəmizin dəmir yolu qovşağının genişləndirilməsi və dəyişməsi istiqamətində əsaslı layihələr icra olunur. Erməni işğalından azad olunmuş torpaqlarda nəqliyyat infrastrukturunun inkişafı sahəsində mühüm addımlar atılır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına böyük töhfə olan Horadiz-Ağbənd dəmir yolu xəttinin ölkə Prezidenti tərəfindən təməlinin qoyulmasının ölkəmiz üçün həm böyük strateji, həm də ciddi iqtisadi əhəmiyyəti var. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə soydaşlarımızın geiş-gəlişini, yüklərin daşınması təmin edəcək. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin eyni zamanda böyük strateji, iqtisadi və siyasi əhəmiyyətə malik olması ölkəmizə yeni dividentlər gətirəcək.
Ölkəmizdə dəmir yolu nəqliyyatının beynəlxalq standartlara uyğun qeyri-neft sektirunun mühüm bir qolu kimi inkişafı, bu sahədə islahatlar və yenidənqurma işlərinin uğurla həyata keçirilməsi həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.