Ölkəmizdə arzulanmaz durum: pul bazası azaldı

Ölkəmizdə arzulanmaz durum: pul bazası azaldı

Azərbaycanda pul bazası yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə, dekabrın ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 67.6 milyon manat azalaraq 18 milyard 334 milyon manata düşüb. Qeyd edək ki, iki aylıq azalmalara rəğmən ümumi pul bazası bu ilin əvvəlinə nisbətən artıb.

AzerTimes xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir:

“Pul bazasının kiçilməsində Mərkəzi Bankın inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlərı xüsusi təsirə malikdir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda antiinflyasiya effektinə malik olur.

Pul bazasının kiçilməsi fonunda xarici valyutalara tələbin də yüksəlməsi müşahidə olunmaqdadır. Digər tərəfdən, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdən, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də pul bazasının optimallaşdırılması siyasəti real sektorun canlanmasını xüsusi təşviq etməlidir. Bu baxımdan kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir”.

Teqlər: