Xəbər - Elçin Mehdiyev – Trend:
Ölkəmizdə aparılan kütləvi peyvəndlənmə prosesinin sürətlənməsi və pandemiyaya qarşı mübarizə tədbirlərinin uğurlu olması COVİD-19 infeksiyasına yoluxmaların sayında ciddi azalmalara gətirib çıxarıb. Bu gün pevəndlənmə məntəqələrində insanların sıxlığı hiss olunur ki, bu da yaxın günlərdə daha müsbət rəqəmlərə gətirib çıxaracağını deməyə imkan verir və bu da ölkəmizi postpandemiya dövrünə yaxınlaşdırır. Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, pandemiya əhalimizin yaşayına və ölkəmizin iqtisadiyyatına kifayət qədər zərər vurub:
“Düzdür, dövlətimiz insanlara və sahibkarlıq subyektlərinə pandemiyanın təsirlərini azaldılması üçün maliyyə dəstək proqramlarını icra edib. Amma ölkə iqtisadiyatına pandemiyanın təsirləri böyük olub. Pandemiyadan ən çox zərər görən sahə turizm sektoru olub. 1 ilə yaxın ölkəmizin turizm sektoru iflic vəziyyətinə düşüb. Amma son 6 ayına yaxın bir müddətdə koronavirusa yoluxmalarında azalmaların olması turizm sahələrinin fəaliyyətinin bərpasına imkan verib və pandemiyanın tələblərini gözləməklə daxili turizmin fəaliyyətinin bərpasına icazə verilib”.
Deputat vurğulayıb ki, sərhədlərin uzun müddət bağlı qalması xarici turistlərin ölkəmizə gəlməsini məhdudlaşdırıb: “İndi yavaş-yavaş sərhədlərin açılması, xarici vətəndaşların ölkəmizə gəlişi üçün icazələr verilir. Pandemiyaya qədər turizm sektorun ölkəmizin iqtisadiyyatında xüsusi yeri olub. Bir ildə 3,2 milyona yaxın xaricə vətəndaş ölkəmizə səfər edirdi. 2019-cu ildə xarici turistlərin ölkəmizdə xərclədiyi vəsaitin həcmi 4,5 milyard manat olduğu qeyd olunur. Əslində bu vəsaitlər xarici valyutada ölkəmizə daxil olunur.
Təbii ki, bu rəqəmin makroiqtisadi sabitliyin təmin olunmasında xüsusi yeri olub və pandemiya ilə yaşadığımız son 1,5 ili ərzində bu vəsaitdən ölkə iqtisadiyyatımız məhrum olub. Pandemiyaya qədər turizm sektorunun sıçrayışlı inkişafa gəlməsinin əsasında ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər böyük rol oynayırdı. O cümlədən Formula 1 yarışlarının da ölkəmizin tanıdılmasında xüsusi yeri olub.
Turizm sektoru gəlirli sahə olduğundan postpandemiya dövrü başlayanda xarici turistlərin cəlb edilməsində ölkələr arasında böyük mübarizə başlanacaqdır. Bizim ölkəmiz də bu mübarizəyə qabaqcadan hazırlaşır və dünya turizmdə xüsusi paya nail olmaq niyyətindəyik. Ölkəmizdə keçiriləcək Formula 1 və futbol üzrə Avropa çempionatının 4 oyunu xarici turistlərin ölkəmizə marağnın artırılması baxımından xüsusi əhəmiyyətə malik olacaqdır”.
A.Badamov vurğulayıb ki, Formula 1 yarışlarının auditoriyası 500 milyon nəfərdən çoxdur və məhz bu oyunların keçiriləcəyi dövürdə bütün dünyanın diqqəti ölkəmizə fokslanacaqdır:
“Təbii ki, yarışlar çərçivəsində biz dünya auditoriyasına ölkəmizin turizm potensialını, işğaldan azad olunmuş ərazilərin turizm imkanlarını müxtəlif videorolikllər vasitəsilə nümayiş etdirəcəyik. Düşünürəm ki, bu çox maraqlı olacaq və ölkələr arası sərhədlərdə yumşalmalar baş verdikcə Azərbaycan, turistlərin ilk səfər etmək istədikləri ölkələrin sırasında yer alacaqdır”.