Ölkələrin müstəqilliklərini qorumaq üçün yüksək texnologiyanın
nə qədər mühim olduğunu şahidi oluruq.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin “Baykar Makina”
şirkətinin texniki direktoru Səlçuk Bayraktar “Teknofest” festivalının açılış mərasimində
çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bir millət, iki dövlət olaraq qardaşlığımız
bir neçə dəfə sınandı, lakin hər dəfə iki ölkə bir-birinə daha da
sıx bağlandı.
“Ən pis gündə belə daima bir arada, yan-yana idik. “Teknofest”i ölkə hüdudlarından kənarda
keçirəcəyimiz ilk yer təbii ki,Azərbaycan olacaqdı və oldu.
Azərbaycan və Türkiyə gəncliyi bu festival vasitəsilə nələrə qadir
olduqlarını dünyaya göstərəcəklər.”, – deyə S.Bayraktar əlavə
edib.
Qeyd edək ki, “Teknofest” mayın 29-a qədər davam edəcək.
Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.