Azərbaycanda pul bazası son 2 ayda azalmaqda davam edib. Belə ki, bu il iyun ayının sonlarında ölkədə 18 milyard 401 milyon manat pul bazası qeydə alınsa da, bu göstərici 31 iyul tarixinə 18 milyard 262 milyon, avqustun son gününə isə 18 milyard 116 milyon manat olub. Bu o deməkdir ki, son 2 ayda pul bazası 285 milyon manat kiçilib. Bununla belə, son azalmalara baxmayaraq, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 3,8 % artıb.
AzerTimes xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.
Ekspert bildirib ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir:
“Pul bazasının kiçilməsi inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlər ilə əlaqədar olduğu güman edilir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır.
Bununla belə, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu baxımdan, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir”.