Ölkədə maliyyə piramidası şəbəkəsi ifşa edildi – Video

Ölkədə maliyyə piramidası şəbəkəsi ifşa edildi – Video

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq piramidasını ifşa edib.

Bu barədə AzerTimes-a Nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən “farmaniya.com” platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.

“Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloger kimi təqdim edərək “farmaniya.com” saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub. H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib”.

Qeyd edilib ki, aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb:

“Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. H.Quliyevin idarəçisi olduğu “farmaniya.com” tətbiqi vasitəsilə zərərçəkən digər vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər”.

DİN bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərini təşkil edən şəxslərə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən “farmaniya.com” tipli tətbiqlərə inanmamağa çağırıb.

Teqlər: