Ölkədə istifadə olunan vaksinlərin saxlanma şəraiti necədir? – TƏBİB açıqladı

bakı. Çingiz Səfərli – Trend:

Vaksinlər də dərman vasitələridir, sadəcə bioloji vasitələrdir. Bunlar digərlərindən daha həsas qrup hesab edilir. Çünki saxlanılması, daşınması, tətbiqi, istehsalı daha çətin və daha məsuliyyətlidir.

AzerTimes xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib. Onun sözlərinə görə, 2020-ci ildən bütün dünyada tədqiqatlar başladı və koronavirusa qarşı bir çox yeni dərman vasitələri təsdiqləndi. Ölkəmizdə olan 4 vaksinin hər biri kliniki tədqiqat mərhələsini keçib.

“Bu təkcə bizdə deyil, ÜST-ün və qabaqcıl ölkələrin laboratoriyalarında yoxlanılıb. Lakin yeni dərmanlar olduğundan təhlükəsizliyi daim araşdırılır. Vaksinlərin ilk istehsalından daşınmasına qədər soyuq zəncir sistemi tələb olunur. Bu o deməkdir ki, həmin vaksinlər soyuducularda saxlanılır və bir-birindən fərqlidirlər. Məsələn, “Coronavac” vaksini 2-8 dərəcə temperaturda saxlanılan vaksindir, eynilə “AstraZeneca” da 2-8 dərəcədə saxlanılır. “Pfizer” vaksini isə ultra soyuq zəncir tələb edir, – 60, – 80 dərəcədə saxlanılmalıdır. Digər vaksin “SputnikV” -20 dərəcədə saxlanılan vaksindir”.

Qurum rəsmisi bildirib ki, bu vaksinlərin hər birinin daşınmasına nəzarət sistemi ölkədə yaradılıb. Soyuq zəncir sisteminə nəzarət var:

“TƏBİB İcbari Tibbi Sığorta Agentliyi ilə birgə vaksinlərin saxlanma şəraiti ilə bağlı təlimat hazırlayıb və bu təlimatlar bütün tibb müəssisələrinə göndərilib. Həmin tibb müəssisələrinin vaksin məntəqələrində çalışan əməkdaşların hər biri bu təlimatla tanış edilib və onlara müvafiq təlimlər keçirilib. Bu günə qədər biz 50-yə yaxın belə təlim keçirmişik. Vaksinlərin ilkin mərhələsindən daşınmasına qədər temperatur daim izlənilir və 2-3 dəqiqədən bir qeydə alınır. Pfizer vaksini -60, -80 dərəcədə 6 ay müddətində saxlanıla bilər, amma şirkət validasiya fəaliyyətlərini davam etdirdikdən sonra elan etdi ki, vaksini 2-8 dərəcə şəraitdə 31 gün saxlamaq müemkündür. Bu bütün dünyanın da işini bir az asanlaşdırdı”.

Twitter:@cingizsafarli

Teqlər: