Ölkədə elektrik enerjisi istehsalı artıb

Ölkədə elektrik enerjisi istehsalı artıb

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin may ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 4 milyon kVt/saat təşkil edib.

Energetika Nazirliyindən AzerTimes-a bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 23,9 milyon kVt/saat, yaxud 1,2 faiz artması deməkdir.

May ayında elektrik enerjisinin idxalı 19,8 milyon kVt/saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 milyon kVt/saat azalıb, ixrac isə 19,9 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 4 milyon kVt/saat artıb.

Ümumilikdə cari ilin yanvar-may aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 316,2 milyon kVt/saat, yəni 2,9 faiz artaraq 11 milyard 244,2 milyon kVt/saat olub.

Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 198,2 milyon kVt/saat artaraq 10 milyard 313,3 milyon kVt/saat, SES-lərdə 109,6 milyon kVt/saat artaraq 768,7 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 milyon kVt/saat artaraq 162,2 milyon kVt/saat təşkil edib. Külək elektrik stansiyalarında 41,1 milyon kVt/saat, günəş elektrik stansiyalarında 24,4 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 96,7 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.

Beş ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 10 milyard 116,6 milyon kVt/saat (İES-lərdə 9400,4 milyon kVt/saat, SES-lərdə 716,2 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 162,8 milyon kVt/saat (İES-lərdə 94,2 milyon kVt/saat, SES-lərdə 46,1 milyon kVt/saat, GES-də 22,5 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27,2 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 937,6 milyon kVt/saat təşkil edib.

Cari ilin yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 538,4 milyon kVt/saat, idxalı isə 60,5 milyon kVt/saat olub.

Teqlər: