Cari tədris ilində ləğv edilən və ya birləşdirilən ümumtəhsil məktəbləri olmayıb.
AzerTimes xəbər verir ki, bu barədə Trend-ə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib.
“2023-2024-cü tədris ilinin əvvəlində işğaldan azad olunmuş ərazilərdə məskunlaşma ilə əlaqədar yeni ümumi təhsil məktəbləri açılıb. Belə ki, Füzuli şəhərində Mirzə Uluqbəy adına 1, Laçın şəhərində 2, Şuşa şəhərində 1 nömrəli və Laçın rayonunun Zabux kəndində tam orta məktəblət fəaliyyətə başlayıb, Bakı şəhərində fəaliyyət göstərən eyni adlı məktəblər isə ləğv edilib. Eyni zamanda Abşeron rayonunun Masazır kəndində yeni 6 nömrəli tam orta məktəb açılıb”, – deyə əlavə edilib.
Qeyd edək ki, bir müddət öncə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov şagird sayı az olan məktəblərin uşaqlarının yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınmasının nəzərdə tutulduğunu bildirmişdi.
“Belə təcrübə hazırda da var. Lakin bəzi hallarda biz çalışırıq ki, bu tip hallar minimum sayda olsun. Məsələn, məktəblər əgər təmirə bağlanırsa, biz daşınmanı təmin edirik. Bu tipli məsələlərdə də həmin vəsaitlərin daha səmərəli istifadəsi məqsədilə uşaqların daşınmasını təmin etmək şərtilə onların daha yaxın ərazidə yerləşən məktəblərə cəlbini məqsədəmüvafiq hesab edirik”, – deyə o, əlavə edib.