Ölkə üzrə ümumi 16 min 295 tibb işçisi COVID-19 virusuna yoluxub

Səhiyyə Nazirliyi tərəfindən ölkədə yayılmış COVID-19 virusunun qarşısını almaq üçün əhaliyə göstərilən təcili tibbi yardım və stasionar müalicə xidmətlərinə dəstək vermək məqsədilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi haqqında verilmiş tapşırığa əsaslanaraq 30 iyun 2020-ci il tarixində COVID-19-la mübarizə İşçi Qrupu yaradılıb.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, İşçi qrupunun yaradılmasından bir il ötür. Bununla əlaqədar, Səhiyyə Nazirliyində İşçi Qrupunun hesabat iclası keçirilib.

Tədbirdə COVID-19-la mübarizə çərçivəsində xidmət göstərən COVID- məntəqələrinin, çağrı mərkəzlərinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardımın hesabatları təqdim olunub. Bakı Baş Səhiyyə İdarəsinin İnformatika və tibbi statistika sektortorunun müdiri İradə İsmayılova il ərzində görülmüş işlərin hesabatından bəhs edib. Diqqətə çatdırılıb ki, il ərzində 149 min 399 xəstə evdə nəzarətə götürülüb. Çağrı mərkəzinə 112 min 981 zəng daxil olub. Ölkə üzrə ümumi 16 min 295 tibb işçisi COVID-19 virusuna yoluxub. Onlardan 4658 həkim, 6224 orta tibb işçisi, 5408 digər tibb işçiləridir.

Eyni zamanda, son bir il ərzində həm COVID-19-la mübarizədə, həm də Vətən müharibəsində xidmət edən tibb işçilərinin fəaliyyətindən danışılıb. Ötən ilin səhiyyə sistəmi üçün nə dərəcədə məsuliyyətli olduğu qeyd edilib. Hər iki cəbhədə xidmət zamanı dünyasını dəyişən fədakar tibb işçiləri yad edilib.

Sonda İşçi Qrupunda fəaliyyət göstərən Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin işçilərinə təşəkkür edilib.

Teqlər: