Bu ilin I yarısının yekunlarına görə, Azərbaycan iqtisadiyyatı 6,2% böyüyüb.
AzerTimes xəbər verir ki, bunu Dövlət Statistika Komitəsi açıqlayıb.
Sevindirici haldır ki, Azərbaycan iqtisadi artıma mürəkkəb iqtisadi şəraitdə nail olub. Nəzərə almaq lazımdır ki, 2019-cu ilin sonlarından dünyanın cənginə almış koronavirus (COVID-19) pandemiyası zəifləsə də, hələ də davam edir və onun qlobal iqtisadiyyata təsirləri qalmaqdadır. Üstəlik, bu ilin əvvəlindən Rusiya və Ukrayna arasında müharibə gedir və bu da dünya iqtisadiyyatına, onun bir parçası olan Azərbaycana təsirsiz ötüşmür. Bununla belə, ölkəmiz bütün çətinliklərə baxmayaraq iqtisadiyyatını ötən ilin eyni dövrü ilə müqayisədə 6%-dən çox böyütməyi bacarıb.
İqtisadi artımın strukturuna nəzər salanda qeyri-neft-qaz sektorunun artım tempinin neft-qaz sektorunun artım tepmini kəskin üstələməsi diqqəti cəlb edir. Belə ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2%, qeyri neft-qaz sektorunda isə 9,6% artıb. Bu isə ölkədə kənd təsərrüfatının, qeyri-neft-qaz sənayesinin, turizin inkişaf etdirilməsi və iqtisadiyyatın neft-qaz asılılığının aradan qaldırılması ilə bağlı hədəflərə çatdığımızdan xəbər verir.
Sənaye demişkən, 6 ay ərzində ölkədə 63 milyard 364 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bunun da 33 milyard 773 milyon manatlıq hissəsi sənaye sahəsinin payına düşüb. İl ərzində neft-qaz sektorunda məhsul istehsalı 0,6%, qeyri-neft-qaz sektorunda isə 11,5% artıb. Göründüyü kimi, qeyri-neft-qaz sənayesinin böyümə tempi neft-qaz sənayesinin böyümə tempini nəzərəçarpacaq dərəcədə arxada qoyub.
Hesabat dövründə iqtisadiyyatın digər sahələrində də əhəmiyyətli irəliləyişlər əldə olunub. Belə ki, nəqliyyat sektorunda əlavə dəyər artımı 27%, turizm və ictimai iaşə sektorunda əlavə dəyər artımı 85,8%, informasiya və rabitə sektorunda isə əlavə dəyər artımı 14,2% təşkil edib.
Sirr deyil ki, ölkənin iqtisadi inkişafını əks etdirən göstəricilərdən biri onun xarici ticarət dövriyyəsi, xüsusilə də ixracıdır. 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyin dövrü ilə müqayisədə 74,% çoxdur. Ötən 6 ayda xarici ticarət dövriyyəsinin 18,479 milyard ABŞ dolları ixracın, 6,357 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 17,9% artıb. Göründüyü kimi ixracla idxalın dəyəri, eləcə də artım tepmləri arasındakı fərq göz qabağındadır. Son nəticədə xarici ticarətdə 12,1 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu isə illik müqayisədə 3,5 dəfə çoxdur.
Daha bir ürəkaçan məqam isə son 1 ildə qeyri-neft-qaz ixracının 25%-dən çox artmasıdır. Bu isə o deməkdir ki, Azərbaycanda istehsal olunan qeyri-neft-qaz məhsulları təkcə yerli tələbatın ödənilməsi üçün nəzərdə tutulmayıb. Onların təkcə ölkə daxilində deyil, həm də ölkə xaricində alıcıları var.
Son illər Azərbaycan hökuməti həm də xarici dövlət borcunu azaltmağa və gələcək nəsillərə borc saxlamağa çalışır. Əgər ötən il iyulun 1-nə ölkənin xarici borcunun ÜDM-nə nisbəti 16,6% olubsa, bu il iyulun 1-nə 10,7% təşkil edib. Hazırda Azərbaycan demək olar ki, kredit almır və əvvəlcədən aldığı kreditləri qaytarır. Bundan başqa, ölkə iqtisadiyyatı inkişaf etdikcə, ümumi daxili məhsul artdıqca xarici borcun ÜDM-ə nisbəti də azalır. Halbuki, bir sıra inkişaf etmiş ölkələrdə xarici borcun məbləği ÜDM-in dəyərindən 2 dəfə çoxdur. Azərbaycanla uzun illər münaqişəli vəziyyətdə yaşamış Ermənistanda isə xarici borcun ÜDM-ə nisbəti 50% civarındadır.
Azərbaycan əhalisinin borc yükü azalmaqla paralel nominal gəliri də artır. Bu ilin ölkə vətəndaşları 33 milyard manat gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% çoxdur. Nəzərə alsaq ki, ölkədə illik inflyasiya 12,9% olub, deməli əhali gəlirinin artımının xeyrini görüb, təxminən 7% artım vətəndaşların sərəncamında qalıb.