Ölkə ərazisində duman müşahidə olunur

Xəbər - Fərid Zöhrabov – Trend:

Ölkə ərazisində son günlər müşahidə olunan duman sinoptik
şəraitlə əlaqədar olaraq, gözlənilən atmosfer hadisəsidir.

Trend xəbər verir ki,
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib
ki, duman az qradiyentli atmosfer təzyiqi sahəsində və dənizdən
əsən zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin
sahilyanı ərazilərə yayılması fonunda yaranıb. Görünüş 21 fevral
tarixində saat 04:35-06:50 radələrində 50 metrədək məhdudlaşıb,
nisbi rütubət 83-93 faiz intervalında olub.

“Duman adətən səhər və gecə saatlarında su hövzələrinin üzərində
və çökəkliklərdə yaranır. Bu meteoroloji hadisə nisbətən isti səthə
enən soyuq hava kütlələri ilə əlaqədardır. Dünən havanın
temperaturu 12 dərəcəyədək yüksəlib və iqlim normasından 3,2 dərəcə
yüksək olub, gecə isə 9 dərəcə enərək 2,9 dərəcəyə yaxınlaşıb”.

U.Tağıyeva qeyd edib ki, gecə saatlarında yer səthi tədricən
soyuyur ki, bu da havanın aşağı qatlarının da soyumasına səbəb
olur. Nəticədə nisbətən isti və soyuq hava kütlələrinin
qarşılaşması dumanın yaranması üçün əlverişli şərait yaradır.
Adətən dumanın yaranması inversiya ilə izah olunur.


“Dumanlı hava, eyni zamanda Gəncə, Şabran, İsmayıllı, Xaçmaz,
Şəmkir, Tərtər, Zərdab, Beyləqan, İmişli və Yevlaxda görünüş
məsafəsinin 200-500 metrədək məhdudlaşmasına səbəb olub”.

Xidmət rəisinin sözlərinə görə, günün ikinci yarısında
cənub-qərb küləyinin arabir 15-18 m/s-dək güclənməsi dumanın
seyrəlməsinə səbəb olacaq. Lakin ayın 23-dən 26-dək əsasən gecə və
səhər saatlarında bəzi yerlərdə yenidən duman olacağı ehtimal
olunur.

Teqlər: