Özəl həyata və qadınların geyiminə qarışdığına görə Məhsa Əmini bir etiraz simvoluna çevrildi. Əvvəlki etirazlardan fərqli olaraq Məhsanın ölümü ilə başlayan aksiyalara Qərbdən də geniş reaksiya gəldi.
Bu sözləri AzerTimes-a güneyli fəal və jurnalist Taha Kermani İrandakı etirazlarla bağlı danışarkən deyib.
İranın yaxın tarixində sosial məsələnin belə geniş şəkildə təbəqələrə sirayət etmədiyini vurğulayan güneyli fəal din xadimlərinin də Tehran rejimindən üz çevirdiyini bildirib:
“Qadın haqları, sosial və siyasi tələb bu şəkildə rəğbət qazanmamışdı. Bu mənada son aksiyalar güclü etiraz hesab olunmalıdır. Hazırda az da olsa davam edən etirazların güc nöqtəsi nümayişçilərin sayı deyil. Diqqət çəkən məqam qatı dindarların bu hadisələrə qismən də olsa, reaksiya verməsi idi. Baxmayaraq ki, etirazçılar İranın ən radikal ideoloji simgələrindən olan məcburi hicabı tənqid edir, onu hədəf alırdı. Rejimin klassik dəstəkçiləri olaraq qəbul edilən mühafizəkar dindarların belə bir dəstəyi etirazların gücü hesab olunmalıdır. Vəziyyəti dərindən analiz edənlər etirazların güclü olduğunu, ancaq tezliklə İranda inqilaba səbəb olmayacağını da vurğulayırdılar. Bunun inqilabla nəticələnməməsi isə etirazçıların bacarıqsızlığı anlamına gəlməməlidir. Etirazlar bəlli dərəcədə meydana gələr, enişli-yoxuşlu olar, güclənər, azalar. Amma varlığını təsbit edərək sürər. Son etirazlar haqqında da bunu demək mümkündür. Hər hansı xırda bir məsələdən etiraz alovu güclənə bilər. İslam Respublikası qurulandan hər zaman bir böhranın içində olub, hakimiyyət xalq etirazlarını necə yatırmağın yolarını illərdir təcrübə edib: istər polis qüvvələrinin köməyi ilə, istərsə də psixoloji olaraq kütləni yönəltmək baxımdan bacarıqlı bir performans sərgiləyib”.
Taha Kermani bildirib ki, hazırki aksiyalarda isə hakimiyyətin 43 illik təcrübəsi də kəsərsiz olub:
“Əvvəllər Əli Xamenei bu sayaq etirazlardan sonra çıxış edir, hakimiyyətə klassik dəstək verənlərdən bir qarşılıq görürdü. Etirazlar bununla da yatırılırdı. Məsələn, hakimiyyət 2009-cu ildəki etirazlarda nümayişçilərin Həzrəti Hüseynə sayğısızlıq etdiyini bahənə edərək etirazları yatırdığında insanlar buna reaksiya vermədi. Çoxluq hakimiyyətin iddiasını qəbul etmişdi. Qəbul etməyənlər belə bunun qarşısında səssiz qalmışdı. Bu gün isə belə bir vəziyyəti görmürük. Hakimiyyət klassik, bəsit ittihamları dilə gətirdikcə millət daha da çox qəzəbləndi: ölkə bütünlüyünün pozulacağından danışdı, xalq qəbul etmədi; etirazlarda ABŞ və İsraili günahlandırdı, yenə işə yaramadı; etnik millətlər üzərindən təbliğat apardı, İranın qonşu ölkələr – Türkiyə və Azərbaycan tərəfindən bölüşdürüləcəyi ilə bağlı iddialar ortaya qoydu, bu da etirazların davam etməsinə əngəl olmadı. Etirazlar bundan sonra da davam edəcək. İran daha əvvəlki dönəmdəki kimi olmayacaq. Hakimiyyətin özəyində bir çat yarandı, qırılma oldu. Rejim də bunu bilir. Yeni bir hadisə, hər hansı bir gəncin ölümü bunu yenidən alovlandıra bilər”.
Hazırda edamların davam etdiyini, xalqın bu hökmlərə sərt reaksiya verdiyini deyən güneyli fəal yeni etiraz dalğasının ümumxalq nümayişlərinin aqibəti üçün uğurlu ola biləcəyini bildirib:
“İranlılar, diaspor edamları beynəlxalq arenaya daşıya bilsələr, etirazlar davamlı hal alacaq. Burada bir məsələ də var ki, hakimiyyət müxaliflərə bilək gücünü, dəmir yumruğunu göstərir. Müxaliflər hakimiyyətin atdığı addımın qarşısında bir az köməksiz qalıb. Necə qarşılıq verəcəklərini hələ bilmir, yaxud gücləri çatmır. Yeni bir dalğa yaranarsa, bu, uğurlu ola bilər. İslam Respublikasının yaranmasının ildönümü yaxınlaşır. Hakimiyyət çalışacaq ki, öz tərəfdarlarını hər hansı yolla küçələrə çıxarıb dünyaya bir şou nümayiş etdirsin. Bildirsin ki, baxın, hələ mənim tərəfdarlarım var. Müxalifət isə hakimiyyətin bu işlərini sorğuya çəkəcək addımlar ata bilər. Bir məsələni dəqiq demək mümkündür ki, zaman müxaliflərin xeyrinə davam edir”.