Son vaxtlara qədər Qazaxıstanda heç bir dəyişiklik baş verməmişdi. Ölkədə rəsmi qeydiyyata alınmış 5 partiya var idi: “Amanat” (keçmiş Nur Otan), “Aul”, “Ak jol”, Qazaxıstan Xalq Partiyası (QXP) və Milli Sosial Demokrat Partiyası (MSDP). Analitiklərin fikrincə, bu partiyaları sinifləşdirmək çox çətindir, çünki demək olar onların nizamnamələri bir-birinə çox bənzəyir.
AzerTimes xəbər verir ki, konstitusiyaya edilmiş son dəyişiklikdən sonra isə məlum oldu ki, ölkənin siyasi landşaftı dəyişməyə başlayıb və bu prosesi durdurmaq mümkün deyil.
Bunu ilk olaraq yenicə qeydiyyatdan keçmiş Baytak və Respublika partiyaları başa düşdü.
Amanat Partiyası həmişə sosial-iqtisadi məsələləri daha çox qabardarkən, indi vətəndaş cəmiyyətinin inkişafından danışır. Məsələn, Məclisin nəzdində İctimai Palatanın işinin artırılmasından bəhs edir.
Bundan başqa partiya ölkə prezidentinin ictimai-siyasi proseslərdə gənclərin və qadınların rolunun artırılması təşəbbüsünü dəstəkləyir. Bir sözlə, “Amanat” ölkə prezidenti Qasım-Jomart Tokayevin konfliktlərsiz, dialoq yolu ilə inkişaf yolu kursunu dəstəkləyir.
Digər partiyalar da həmçinin, özlərinin seçkiabağı platformalarında dəyişikliklər ediblər. Ak Jol Partiyası həmişə biznes strukturlarının marağını müdafiə edirdisə, indi milli vətənpərvərlərin şüarlarına dəstək verməyə başlayıb. Partiya “Alaş” hərəkatının əbədiləşdirilməsini istəyir və bu məsələdə hərəkat liderlərinin bəzilərinin rolunu qabardaraq bağlarını unudur.
Bu cəhətdən ən yaxşı seçkiqabağı platforması olan Qazaxıstan Xalq Partiyasını göstərmək olar. Partiya bəyan edir ki, Tokayevin kursunu dəstəkləyir, amma bununla yanaşı birpalatalı parlament tərəfdarı kimi çıxış edir. Onların proqramına görə, hökuməti ən çox səs toplamış partiya formalaşdırmalıdır və ya səs yetərsizliyi olarsa, partiyalar koalisiya qurmalıdırlar.
QXP-nin proqramının ən maraqlı hissəsi etnik qruplar arasındakı münasibətlər məsələsədir. Məsələn, partiya təklif edir ki, milli icmaların rolunu artırmaq üçün onlara dövlət büdcəsindən maliyyə yardımı ayrılsın, söz azadlığı haqda yeni qanunlar qəbul edilsin və həmkarlar ittifaqlarının fəaliyyətinə şərait yaradılsın.
Təkpalatalı parlament sisteminə dönmə təklifi ilə həm də Milli Sosial Demokrat Partiyası (MSDP) çıxış edir.
Aul Partiyasına gəldikdə isə, özünü 20 il ərzində heç bir sahədə göstərməmiş bu təşkilatın digər partiyalarla rəqabətə girməsi mümkün görünmür.
Yeni yaradılmış Baytak və Respublika partiyaları isə Tokayev tərəfindən başladılmış siyasi yeniliklərin, reformların dəstəkçisi kimi çıxış edirlər. Baytak daha çox ekoloji problemləri, Respublika isə biznes qurumlarının maraqlarını əsas tutur.
Onu qeyd etmək lazımdır ki, seçkilərdən sonra yeni partiyaların qeydiyyatdan keçəcəyi istisna edilmir. Onlardan biri də Qazaxıstan Xalq Konqresidir. Partiyanın lideri tanınmış qazax yazıçısı Oljas Süleymenovdur.
Qeyd edək ki, Qazaxıstanda martın 19-da parlament seçkiləri keçiriləcək.