Olimpiya Oyunlarının təxirə salınması ilə bağlı rəsmi şəkildə heç bir məlumat verilməyib – Fərid Mansurov

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının ləğv olunması Olimpiadanın təşkilat komitəsinin qəbul edəcəyi qərardır. Yoluxma sayı artarsa Təşkilat Komitəsinin belə bir qərar qəbul etmək hüququ var. Amma Oyunların təxirə salınması ilə bağlı nümayəndə heyətimizə rəsmi şəkildə heç bir məlumat verilməyib.

Trend xəbər verir ki, bunu Tokioda olan Azərbaycan milli komandasının şef-de-missionu Fərid Mansurov jurnalistlərə açıqlamasında deyib.

Hazırda Atletlər kəndində həyatın normal məcrada davam etdiyini vurğulayan F.Mansurov bildirib: “Azərbaycanın Olimpiya komandasının üzvləri yarışlara hazırlaşır, məşqləri sistemli şəkildə davam etdirirlər. Ümumilikdə komandamızın əhval-ruhiyyəsi və sağlamlıq durumu qənaətbəxşdir”.

Qeyd edək ki, Azərbaycan XXXII Yay Olimpiya Oyunlarına 44 idmançı ilə qatılıb.

Tokioda 2020-ci ilin yayında keçirilməli olan XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar bu ilə təxirə salınıb. Olimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 23-də keçiriləcək. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

Teqlər: