Oksford Universitetində fəaliyyət göstərən azərbaycanlı gənc MDU-da seminar keçirib (FOTO)

2022-ci ilin 21 aprel tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) dünyanın lider ali təhsil müəssisələrindən
olan Böyük Britaniyanın Oksford Universitetinin akademik heyət
üzvü, iqtisad üzrə fəlsəfə doktoru Rüstəm Cəmilov tərəfindən
“Xaricdə təhsil və tədqiqat təcrübəsi” mövzusunda seminar
keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil
edilən seminarda universitetin əməkdaşları, tələbələri,
magistrantları və doktorantları iştirak ediblər.

Seminara moderatorluq edən MDU-nun rektorunun müşaviri Hamiz
Mahmudov, ilk növbədə, dəvəti qəbul edib universitetin tələbə və
müəllim kollektivi ilə görüşə gəldiyi üçün R.Cəmilova təşəkkürünü
bildirib və qonağı iştirakçılara təqdim edib. Gənclərin xarici
ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarının
dövlət tərəfindən dəstəklənməsindən söhbət açan rektorun müşaviri,
bununla bağlı həyata keçirilən müvafiq dövlət proqramlarını diqqətə
çatdırıb. Məhz dövlətin bu istiqamətdə yaratdığı imkanlar sayəsində
R.Cəmilovun bakalavriat, magistratura və doktorantura təhsilini
Avropanın nüfuzlu universitetlərində (İtaliyanının Bokkoni
Universiteti, London İqtisadiyyat Məktəbi və London Biznes Məktəbi)
aldığı vurğulanıb və hazırda dünya reytinqlərində ilk sıralarda yer
alan Oksford Universitetində azərbaycanlı gəncin akademik və elmi
fəaliyyət göstərməsinin qürurverici olduğu qeyd edilib. Görüşün
iştirakçılar üçün faydalı olacağına və məhsuldar müzakirələrin
aparılacağına inandığını söyləyən moderator seminarın işinə uğurlar
arzulayıb.

Dəvətə və səmimi görüşə görə universitet rəhbərliyinə
təşəkkürünü bildirən seminarın məruzəçisi R.Cəmilov son dövrdə
modernləşmə yolunda mühüm addımlar atan MDU-nun kollektivi ilə bir
arada olmaqda məmnunluğunu bildirib və “Xaricdə təhsil və tədqiqat
təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda R.Cəmilov
təhsil aldığı və çalışdığı dövrlərdə xarici universitetlərdə tədris
və tədqiqat fəaliyyətləri ilə bağlı əldə etdiyi təcrübələrini
bölüşüb.

Tədqiqat prosesinin məqsədlərindən, elmi məqalələrin yazılması
və beynəlxalq nüfuzlu iqtisadi və maliyyə jurnallarında dərc
edilməsindən danışan R.Cəmilov nüfuzlu nəşrlərə elmi məqalələrin
göndərilməsi və qəbul olunmasınadək keçilən bütün mərhələlərdən və
bununla bağlı diqqət yetiriləsi amillərdən bəhs edib.

Tədqiqat işlərinin tətbiqiliyinin yüksək səviyyədə olması üçün
başlıca prinsiplər barədə məlumat verən məruzəçi yeni empirik
əlaqənin qurulmasının, verilənlər (data) bazasının, arxiv işi və
rəqəmsallaşmanın, kartoqrafiya və coğrafi təhlilin, həqiqi və kvazi
təbii eksperimentlərin, çoxölkəli və çoxillik faktların və
nəticələrin önəmini diqqətə çatdırıb.

Tədqiqatın müasir metodları və alətlərindən danışan R.Cəmilov
müxtəlif beynəlxalq institutların akademik heyət üzvləri ilə
əməkdaşlığın əhəmiyyətindən, birgə məqalələrin yazılmasından və bu
məqsədlə beynəlxalq təcrübədə tətbiq olunan əmək bölgüsündən bəhs
edib.

Məlumatların (dataların) alınması, tədqiqatçıların işə
götürülməsi və elmi konfranslarda iştirakın müvafiq vəsaitlər tələb
etdiyini bildirən məruzəçi bu baxımdan qrantların rolu, tədqiqatlar
üçün qrant ayıran beynəlxalq və regional təşkilatlar, qrant
layihəsinin ideyası qarşısında qoyulan tələblər barədə məlumat
verib, praktiki nümunələr göstərib və ölkəmizlə bağlı bir sıra
tədqiqat ideyalarını təklif edib.

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan seminarda mövzu
ilə bağı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları
cavablandırılıb. Faydalı təqdimata görə məruzəçiyə və göstərilən
dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən seminar
iştirakçıları gələcəkdə bu tipli görüşlərin davamlı keçirilməsini
arzulayıblar.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafı, tədris və
tədqiqat fəaliyyətlərinin keyfiyyətinin davamlı yüksəldilməsi
diqqət mərkəzində saxlanılır və bu məqsədlə qabaqcıl xarici
universitetlərin təcrübəsinin öyrənilməsinə xüsusi önəm
verilir.

Teqlər: