Ermənistanın hələ də öz dövlətçiliyini xilas etmək və Zəngəzur ərazisindən Azərbaycan üçün dəhliz açmaq şansı var. Əks halda Azərbaycan Ordusu bunu özü edəcək.
AzerTimes xəbər verir ki, bunu münaqişələr üzrə ekspert, erməni əsili amerikalı Artur Martirosyan Ermənistan telekanalının siyasi tok-şousunda deyib.
Onun sözlərinə görə, əgər Ermənistan Zəngəzur ərazisindən Naxçıvana dəhliz açılmasına könüllü razı olsa, o zaman bu yol üç ölkənin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatında göstərildiyi kimi Rusiya hərbçilərinin nəzarətində olacaq:
“Əks halda yol zorla açılacaq. Və heç kim deməsin ki, Azərbaycan Ordusunun qarşısını ala biləcəklər. Paşinyanın nə Borrellə, nə də Makrona zəng etməyə vaxtı olacaq. Heç kim Ermənistana kömək etməyəcək”.
Ekspert hesab edir ki, Ermənistan Rusiya ilə münasibətlərində də diqqətli olmalıdır:
“Ermənistan hakimiyyətinə məsləhət görə biləcəyim ikinci şey Rusiya ilə münasibətləri korlamamaqdır. Ukraynadakı müharibədən kimin qalib çıxacağını hələ heç kim deyə bilməz. Rusiya qalib gəlsə, Kreml İrəvanı diz çökdürəcək. Bütün risklər nəzərə alınmalıdır”.