Oğuz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı İrakli Kumsiyev saxlanılıb.
Onun şəhər ərazisindəki yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb və qablaşdırılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitə istifadəçisi olduğunu və həmin çətənə bitkilərini bir müddət əvvəl becərərək xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.