Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Oğuz-Şəki avtomobil yolunun əsas hissəsinin yenidən qurulmasını başa çatdırıb.
AzerTimes xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, hissənin 7 kilometri 3-cü texniki dərəcəyə uyğun, 27,6 kilometri isə 2-ci texniki dərəcəyə uyğun şəkildə qurulub.
Yolboyu köhnə örtük sökülüb, yararsız qrunt çıxarılıb, yol yatağı və yol əsasının inşası, əks-dolğu, suötürücü boruların quraşdırılması, su keçidlərinin tikintisi, genişləndirmə işləri görülüb. Yeni asfalt-beton örtüyü döşənib.
Layihəyə əsasən Zəyzidçay üzərində yerləşən körpü sökülərək yeni körpü inşa edilib, 9 km uzunluğa malik “Şəki dairəvi yolu”nun (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) təmiri son mərhələdə davam etdirilir və 3,4 kilometrlik Oğuz şəhərinə giriş yolu yenidən qurulub.
Paralel olaraq, zəruri olan yerlərdə yol nişanları, məlumatverici lövhələr, dayanacaq, siqnal dirəkləri, əyrixətli dəmir tirlərin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin, piyada zolaqlarının çəkilməsi işləri də yerinə yetirilib.