Xəbər - Samir Əli – Trend:
Qubada mağazanı qarət edib qaçan şəxs saxlanılan vaxt özünə
xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
nazirliyin “102 Zəng Mərkəzi” Xidmətinə martın 2-də saat 3
radələrində Quba rayonunun İqriq kəndi ərazisindəki bir mağazadan
şüşəni sındırmaq yolu ilə 480 manat dəyərində tütün məmulatı, İsnov
kəndi ərazisində isə digər bir mağazanın qarşısından inşaat
materiallarının oğurlanması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar
aparılıb və hadisənin “Khazar” markalı avtomobilin sürücüsü
tərəfindən törədilməsi aşkar edilib.
Görülmüş tədbirlərlə həmin avtomobil Bakı-Quba yolunun 26-cı
kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları
tərəfindən saxlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini,
əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş İ.Bəylərov
polis əməkdaşları tərəfindən saxlanılarkən o, özünün qarın
nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən yüngül xəsarət yetirib.
İ.Bəylərov xəstəxanaya yerləşdirilib, vəziyyəti
qənaətbəxşdir.
Araşdırma aparılır.