Bakıda oğurluğun baş verdiyi BTB Bankın kimə məxsus olması üzə çıxıb.
AzerTimes Yeniavaz.com-a istinadla xəbər verir ki, bankın səhmlərinin 74,98%-i (49 min 829 ədəd) Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i (12 min 634 ədəd) Sadiq Rza İsmayıl oğluna, 6%-i (3 min 987 ədəd) isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
Qeyd edək ki, uzun illərdir mətbuatda BTB Bankın əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu yazılır və bu məlumat bu günə kimi təkzib olunmayıb.
Onu da bildirək ki, hazırda Tibb Universitetinin Onkoloji Klinikasında direktor müavini olan həkim-onkoloq Nigar Mehdiyeva və Rza İsmayıl oğlu Sadiqin uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladları olduğu bildirilir.
İsmayıl Rza oğlu Sadıqov 1993-cü ilin iyul ayında Baş nazir Pənah Hüseynovun imzaladığı qərarla Nazirlər Kabinetinin elm, səhiyyə və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilərək Nazirlər Kabineti İşlər İdarəsi elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri təyin edilib. Ramiz Mehdiyevin qudası (gəlininin atası) olduğu bildirilən İsmayıl Sadıqov yaş senzinə görə 2018-ci ildə Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.
Qeyd edək ki, müştərilərin BTB Bank ASC-dəki depozit otağına yerləşdirdiyi 316 min manat və 32 min ABŞ dolları oğurlanıb. Hadisə martın 17-si saat 18:00 radələrində paytaxtın Xətai rayonu, Y.Səfərov küçəsi 21 saylı ünvanda yerləşən ofisdə qeydə alınıb.
Oğurluqla bağlı 1990-cı il təvəllüdlü Qrinkeviç Sergey Oleqoviç və 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviçin şübhəli qismində saxlanılıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.