Qax rayonu Almalı kəndi ərazisində yerləşən evlərin birindən
oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən 9300 ABŞ
dolları və 4 min manat pulunun, eləcə də qızıl-zinət əşyalarının
oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış
tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəki
rayon sakinləri-Şahid Balliyev və əvvəllər də analoji cinayət
əməlinə görə məhkum olunmuş Nicat Abdulkərimov tutularaq istintaqa
təhvil veriliblər.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər
zərərçəkənin fermasında çoban işləyən Şahid Balliyev Bakıda
kirayədə yaşadığı Nicat Abdulkərimovla əlbir olaraq gecə
saatlarında həmin şəxsin yaşadığı ünvana daxil olublar. Pul və
qızılları götürdükdən sonra Şəki rayonuna qayıdan dostlar 4 min
manatı öz aralarında bölüblər, ABŞ dollarını isə bankaya qoyaraq iz
itirmək məqsədilə N.Abdulkərimovun yaşadığı ünvanda torpağa
basdırıblar. Keçirilmiş tədbirlərlə qızıl-zinət əşyaları və torpağa
basdırılmış pullar onlardan maddi sübut kimi götürülüb.
Şahid Balliyevin izahatı alınarkən onun yanvar ayında da həmin
evdən 10 000 manat pul oğurladığı və bundan sonra Bakı şəhərinə
gedərək restoranlarda xərclədiyi məlum olub.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.