Xəbər - Samir Əli – Trend:
Xaçmazda oğlu tərəfindən döyülən 66 yaşlı qadın xəstəxanada ölüb.
Xaçmaz rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, yanvarın 13-ü saat 19 radələrində rayonun Əzizli kənd sakini 1956-cı il təvəllüdlü Səmən Sultanovaya yaşadığı evdə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1979-cu il təvəllüdlü Ramiz Sultanovun birgə yaşadıqları evdə balta ilə Səmən Sultanovanın baş və sifət nahiyələrinə çoxsaylı xəsarətlər yetirməsinə və daha sonra isə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda Ramiz Sultanovun yerinin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi, həmçinin cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.