Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qətl törətməkdə
təqsirləndirilən Günay Məmmədova və əri Həmzə Verdiyevin cinayət
işi üzrə məhkəmə prosesi başa çatıb.
AzerTimes-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm
oxunub.
Məhkəmənin hökmü ilə H.Verdiyev 19 il, Günay Məmmədova isə 16 il
müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü
Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi
Rayon Polis idarəsinə daxil olan məlumat əsasında aparılan
araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla
həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində
qeyri-aşkar şəraitdə törədilən ağır cinayətin “isti izlər”lə
açılması təmin edilərək itkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən
öldürülməsi müəyyən edilib.
Araşdırmalarla zərərçəkmişin ögey qızı Günay Məmmədova və onun
əri Həmzə Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində
mövcud olmuş uzunmüddətli mübahisələr səbəbindən sonuncuların 25
mart 2021-ci il tarixdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə
girərək bir qrup şəxs halında birgə yaşadıqları evdə balta ilə
çoxsaylı xəsarətlər yetirərək Qərənfil Baxşəliyevanı qəsdən
öldürmələrinə və meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə
atmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həmzə Verdiyev və Günay Məmmədova şübhəli şəxs qismində
tutularaq istintaqa cəlb ediliblər.