Xəbər - Elçin Mehdiyev – Trend:
Odlar Yurdu Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Mən Qarabağam” yaradıcılıq layihəsi çərçivəsinə sərginin təqdimatı keçirilib.
AzerTimes-ın məlumatına görə, sərgidə işğaldan azad olunmuş ərazilərimiz gənc dizaynerlərimizin gözündən təqdim olunub.
Layihənin hazırlıq prosesi 2 ay davam edib və bu gün açılış mərasimi baş tutub, layihə çərçivəsində görülən işlərin sərgisi keçirilib. Sərgidə Odlar Yurdu Universitetinin Dizayner fakultəsinin tələbələrinin Qarabağa qayıdışla əlaqədar eskiz layihələri, foto, rəsm müsabiqələri təqdim edilib.
Tədbiq haqqında danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, 44 günlük Vətən müharibəsində qələbədən sonra xalqın istəyi və arzusu Qarabağa qayıdışı uğurla həyata keçirtməkdir:
“Bu, eyni zamanda bizə Ulu öndər Heydər Əliyevin vəsiyyəti idi. Şükürlər olsun ki, biz bu günü gördük. Bu gün keçirilən sərgidə çox maraqlı əl işləri təqdim edildi, çox bacarıqlı və qabiliyyətli gəncləri tanıdıq və düşünürəm ki, burada təqdim olunan əl işləri Qarabağa qayıdış prosesində də istifadə ediləcək”.
Tədbir çərçivəsində mükafatlandırma mərasimi keçirilib və millət vəkilləri qaliblərin diplomlarını təqdim edib.