01 iyun 2021-ci il tarixində Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə “Dünyanı uşaqlara verək!” adlı elmi-praktiki konfrans keçirilib.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində təşkil olunmuş konfransda bronxit xəstəliyi, onkoloji xəstəliklər, uşaqlarda gözlərin inkişaf anomaliyaları, talassemiya, serebral iflic, Daun sindromu, SMA xəstəliyi, uşaqlarda davranış pozğunluqları, epilepsiya, hemofiliya, autizm, anemiya, uşaqlarda psixoloji hallar və s. kimi günümüzdə aktual olan və uşaqlar arasında geniş yayılmış bir sıra xəstəliklər barədə elmi məruzələr dinlənilib. Eyni zamanda çıxışlar zamanı uşaq hüquqlarının müdafiəsi barədə müzakirələr aparılmış, uşaq və yeniyetmələrin mənəvi-ideoloji tərbiyəsi, zərərli vərdişlər, erkən nigah və yaxın qohum evliliyinin törətdiyi fəsadlar barədə ətraflı məlumat verilib.
Konfransda Respublikamızda keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib, dövlət tərəfindən uşaqların hüquq və müdafiəsinə, tərbiyəsinə, təhsilinə və vaxtlarının səmərəli təşkilinə yönəldilən diqqətdən də bəhs edilib.
Qonaq məruzəçilər qismində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov və Funda Hospitalının həkim-pediatrı Kənan Qarayev çıxış edib.