OCCRP Paşinyanın korrupsiya şəbəkəsini ifşa etdi

OCCRP Paşinyanın korrupsiya şəbəkəsini ifşa etdi

CivilNet Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatları Layihəsi (OCCRP) ilə birlikdə Ermənistanda hakim Mülki Müqavilə Partiyasına şübhəli ianələrlə bağlı araşdırma dərc edib. Məlum olub ki, pul verən bir çox vətəndaş ya partiya fonduna köçürdükləri məbləğdən xəbərsizdirlər, ya da bu ianələr onların gəlirlərinə uyğun gəlmir.

AzerTimes xəbər verir ki, araşdırmalara görə, 2022-ci ildə hakim partiyaya guya pul bağışladığı iddia edilən 140 nəfərdən yalnız altısı istisna olmaqla, 134 nəfər yerli orqanlara seçkilərdə Mülki Müqavilənin namizədi olub. Şərh üçün əlaqə saxlayan 31 donorun yarısı hər hansı ianə etmədiklərini bildirib. Qalanları pul köçürdüklərini xatırlamadıqlarını deyiblər və yaxud suallara cavab verməkdən imtina ediblər.

On şəhərdə ən azı on yerli hökumət namizədi eyni gündə eyni məbləği hakim partiyaya köçürüb. Vəzifəli şəxslərin bəyannamələrinə əsasən, 26 halda ianə onların illik gəlirlərinin və ümumi yığımlarının ən azı yarısını təşkil edib. Belə çıxır ki, onlar illik bütün gəlirlərinin yarısını partiyaya ianə ediblər. Dörd halda töhfələr icazə verilən maksimum ianə məbləğini (2,5 milyon dram və ya 6,200 dollar) keçib.

“Transparency İnternational” antikorrupsiya mərkəzinin proqramlar rəhbəri Varujan Oktanyan erməni mediasına müsahibəsində bunu siyasi korrupsiyanın bariz təzahürü adlandırıb.

O əlavə edib ki, Ermənistanın əvvəlki hakimiyyətləri dövründə belə hallarda ianələrin şirkətlər tərəfindən edildiyi üzə çıxıb:

“Prinsip ondan ibarətdir ki, şirkətlər ianə edirlər, bu və ya digər qüvvə seçkilərdə qalib gəlir, sonra lazım gələrsə, bu şirkət üçün əlverişli olan qanunlar və ya qərarlar qəbul edilir və bununla da “borcları” qaytarılır”.

O hesab edir ki, araşdırma aparılsa, bu ianələri də böyük şirkətlərin etdiyi üzə çıxacaq:

“Əslində söhbət partiyaların maliyyələşdirilməsi ilə bağlı qanunun kobud şəkildə pozulmasından gedir. Buna görə cəza verilməlidir. Əgər araşdırmanın nəticələri yoxdursa, o zaman belə “şəffaflıq” kimə lazımdır?”

Teqlər: