Obyektlərdə qaz balonlarının istifadəsi qadağan edildi (FOTO/VİDEO)

Xəbər - Samir Əli – Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
(DYNX) ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində
zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, DYNX tərəfindən
nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri və respublikanın
müxtəlif rayonlarında bir sıra qeyri-yaşayış obyektlərində
yanğın-texniki müayinələr keçirilib. Müayinələr zamanı yanğın
təhlükəsizliyi qaydalarının pozulması, xüsusilə tələblərə zidd
olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan
propan qaz balonlarından istifadə halları aşkar edilib.

Aşkar edilmiş qayda pozuntuları ilə bağlı obyektlərin cavabdeh
şəxsləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə
əsasən inzibati xəta haqqında protokollar tərtib edilib, təhlükə
mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri
tərəfindən kənarlaşdırılıb və gələcəkdə istifadə olunmamasına dair
ərizələr alınıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət
edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına
çağırır və xatırladır ki, bazar və yarmarkaların ərazisində,
zirzəmi və kürsü mərtəbələrində propan qaz balonlarının
saxlanılması və istifadəsi qadağandır.

Teqlər: