Obrayen Bakıya bunun üçün gəlir – Ekspert

Obrayen Bakıya bunun üçün gəlir – Ekspert

Fikrimcə, Ceyms Obrayenin Azərbaycan və Rumıniyaya səfəri heç də təsadüfi deyil. Rumıniya Ukraynanın əsas dəstəkçilərindən biridir. Eyni şəkildə Obrayenin ölkəmizə səfəri zamanı isə həm Ermənistanla, həm də Rusiya ilə münasibətlər müzakirə ediləcək.

Bu sözləri AzerTimes-a ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin dekabrın 6-dan 8-dək Azərbaycan və Rumıniyaya səfəri zamanı müzakirə olunacaq məsələlər haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi ABŞ-ın Azərbaycandan antirusiya cəbhəsinə qoşulmağı istədiyini bildirib:

“Blinkenin köməkçisinin Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfər etməsinin səbəbi isə delimitasiya, hələ də işğal altında 8 kəndlə bağlı dövlətimizin haqlı mövqeyinin ABŞ tərəfindən qəbul edilməsi ola bilər. Digər tərəfdən Obrayen Azərbaycandan nəqliyyat və kommunikasiya xətlərinin açılmasını, Ermənistanın blokadadan çıxarılmasını da xahiş edə bilər. Çünki səfərdən əvvəl ABŞ sülh müqaviləsinin tez bir zamanda imzalanmasında maraqlı olduqları barədə açıqlama verib. Bununla bərabər Zəngəzur dəhlizi ilə bağlı məsələlər də müzakirə olunacaq. Yuxarıda da qeyd etdiyimiz kimi, Obrayenin çantasında yalnız Azərbaycanla Ermənistan arasındakı məsələ yoxdur. O, Azərbaycandan Rusiyaya qarşı ABŞ cəbhəsində yer almağı da istəyəcək. Hazırda Rusiyanın ətrafında çox geniş bir müdafiə və mühasirə xətti formalaşdırılır. Qazaxıstan və Özbəkistanda NATO güclənir, Qırğızıstanda rus dili sıxışdırılır, Ukrayna və Moldovada vəziyyət bəllidir, Ermənistan və Gürcüstanın AB-yə üzvlük məsələsi gündəmə gətirilib. Böyük ehtimalla sülh müqaviləsi imzalandıqdan sonra rus bazalarının Ermənistandan çıxarılması tələb olunacaq. Bütün bu proseslər fonunda Qərb Azərbaycanı da Rusiyaya qarşı açıq şəkildə yanında görmək istəyir. Dövlətimiz isə regional və qlobal geosiyasi şəraiti nəzərə almaqla təkliflərə öz cavabını verəcək”.

Teqlər: