O polisin bədənini gördüm – 3 bıçaq, iki güllə yarası vardı

O polisin bədənini gördüm – 3 bıçaq, iki güllə yarası vardı

Hansı millətdən olursan ol, hansı dinə inanırsan inan, istər zəif ol, istər güclü, dəyişməyən bir qayda var: Kişi ailəsini, sevdiklərini qorumalıdır!

Kişi yeri gələr, buna görə canından da keçər.

Bəzi kişilər isə daha da irəli gedərək təkcə ailəsini, sevdiklərini deyil, başqalarını da qoruyur, onlar üçün canından keçir.

İslam dini belə şəxslərə ən ali məram olan şəhid deyir.

Biz adətən şəhid xəbərlərini Qarabağdan, ya da Ermənistan-Azərbaycan sərhədində xidmət edən hərbçilərimizin vətəni qoruyarkən canından keçməsi ilə eşidirdik. Bu dəfə isə şəhid xəbəri vətən sərhədindən yox, məhz paytaxtdan gəldi.

Məlum olduğu kimi iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

Hadisə zamanı o, ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Hadisəyə bir də baxaq. Bir tərəfdə ailəsini önə verən cinayətkar, digər tərəfdən isə onun ailəsi zərər görməsin deyə canını sipər edən əsl kişilər!

Tam bir dram, tam bir təzad…

Azərbaycan polisi əslində hər zaman belədir: asayişimizi, təhlükəsizliyimizi, dövlətçiliyi, hər birimizi, ailəmizi, əzizlərimizi qoruyur.

Polis canı bahasına xidmət edir. Şəhid olur!

Bu dəhşətli olay mənə illər öncə polislərə qarşı baxış bucağımı dəyişən hadisəni xatırlatdı. 2017-ci ildə İslam Həmrəyliyi Oyunları zamanı könüllü idim. Vəzifəmi icra edərkən bir polislə dialoqum olmuşdu. Həmin illərdə gəncliyin verdiyi emosionallıq, üstəlik sosial mediada bir çox hallarda məqsədyönlü şəkildə polis əleyhinə paylaşılan neqativ videolar məni təsir altına salmışdı. Bu üzdən polislərə qarşı içimdə bir aqressiya vardı.

Dialoq zamanı polis ona ünvanladığım ittiham dolu suallara təmkinlə, səbirlə cavab verirdi. Unutmadığım olay isə polisin sonda köynəyini qaldırıb mənə bədənindəki yaraları göstərməsi oldu. Saydım: üç bıçaq, iki güllə yarası vardı. O bildirdi ki, evində övladı var, ailəsi var, amma həm də müqəddəs vəzifəsi var. Mən belə dialoqları Türkiyə seriallarında, filmlərində izləmişdim. Düşünürdüm ki, yalnız filmlərdə belə olur. Amma realda da belə hadisələr varmış.

O gün anladım. O gün Azərbaycan polisini tanıdım.

O polis mənim bu peşəyə baxışımı dəyişdi. Polisdə də neqativ hallar olur, bu, danılmazdır. Hansı sahədə yoxdur ki… Amma danılmaz olan bir digər məsələ isə polisin bizi canı bahasına qorumasıdır.

Sonda isə onu deyim ki, övladlarınızı polis ilə qorxutmayın, əksinə, bu şərəfli peşəni onlara düzgün aşılayın. Aşılayın ki, canı bahasına bizi qoruyan polislərimizə nifrət yox, ehtiram göstərsinlər.

Allah şəhid polislərimizə rəhmət eləsin!

Teqlər: