Azərbaycan heç vaxt şərti sərhəddə Ermənistanla gərginliyin artmasında maraqlı olmayıb. Bu, indi də belədir. Çünki hazırda həm Qərb, həm də Rusiya platformalarında çox böyük dinamika var. Üstəlik Laçında sərhəd-buraxılış məntəqəmiz də qurulub.
Bu sözləri AzerTimes-a Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan atəşə tutaraq təxribat törətməsi haqqında danışan politoloq Fərhad Məmmədov deyib.
Politoloq təxribatda Rusiyanın da maraqlı olduğunu və Ermənistanla birgə hərəkət etdiyini vurğulayıb:
“Biz ən son Vaşinqton danışıqlarının şahidi olduq. Qarşıda Brüssel və Kişinyovda görüşlər gözlənilir. Azərbaycanın da istəyi budur ki, danışıqlar prosesi daha da intensivləşsin və problemli məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul olunsun, son nəticədə isə sülh müqaviləsi imzalansın. Eyni zamanda biz son 2,5 illik müddətdə sülhlə bağlı irəliləyiş olduğu zaman ya Ermənistanın daxilində, ya şərti sərhəddə, yaxud da Qarabağdakı rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında təxribatların törədildiyinin şahidi olmuşuq və nəticədə danışıqlarda fasilə meydana çıxır. Hazırki məqamda rəsmi İrəvanın hədəfi problemlərin həlli ilə bağlı konkret qərarların verilməsinə əngəl törətməkdir. Onlar geosiyasi vəziyyətin dəyişməsi arzusundadırlar və belə olacağı halda nəsə qazanacaqlarına ümid edirlər. Təxribatın Paşinyanın Moskvaya və Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvana səfərindən sonra (Xovayev Ermənistan Baş naziri Paşinyanla dünən görüşüb – red.) törədilməsi heç də təsadüf deyil. Bu təxribatın hazırlanmasında, həyata keçirilməsində Rusiya və Ermənistan əlbir hərəkət edir”.
Qeyd edək ki, Ermənistanın sözügedən təxribatı nəticəsində Ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.