Ana Vətən Partiyasının növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərarı gələn həftə olacaq.
AzerTimes xəbər verir ki, bunu APA-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
Partiya sədri bildirib ki, artıq ilkin müzakirələr aparılıb, namizədlər demək olar bəllidir:
“Partiyanın Seçki Qərargahını yaratmışıq və səlahiyyətli nümayəndələrimizi Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etmişik. Namizədlərin irəli sürülməsi məsələsini isə partiyanın gələn həftə keçiriləcək iclasında müzakirə edəcəyik”.
Fəzail Ağamalı seçkidə iştirak edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib: “Belə niyyətim var, ancaq səhhətimdə ciddi problem yaranıb. 3 il qabaq ürəyimdən əməliyyat olunmuşdum. İndi yenə ürəyimdə problem var. Danışanda da təngənəfəs oluram. Ona görə bu günlərdə Türkiyəyə həkimə gedib yekun qərarımı verəcəyəm. Həkimin rəyindən sonra iştirak edib-etməyəcəyimlə bağlı qərarımı qəbul edəcəm”.