O azərbaycanlı manqurtlaşmış ünsürdür – Obalı

O azərbaycanlı manqurtlaşmış ünsürdür – Obalı

Tanınmış ictimai xadim, GünAz TV-nin rəhbəri Əhməd Obalının AzerTimes-a müsahibəsi:

– İrandakı etiraz aksiyalarında Güney Azərbaycan milli hərəkatının rolu və təsiri nə səviyyədədir? Güneylilər öz hüquqları ilə bağlı istəklərini müstəqil şəkildə, yoxsa ümumiran etirazları çərçivəsində irəli sürməlidirlər?

– İranda baş verən etiraz aksiyalarında Güney Azərbaycan milli hərəkatının rolu və təsiri hərəkatın fəallarının istədiyi qədərdir. Hərəkat fəallarının qərarı bundan ibarətdir ki, aksiyalarda nə çox passiv, nə də çox aktiv olmalıdırlar. Onlar Azərbaycan məsələsinə ciddi təsiri və faydası olmayan cərəyana qoşulmaqla milli qüvvələrin itki verməsini istəmirlər. Bundan öncəki təcrübələrə əsaslanaraq, Azərbaycan xalqının milli istəklərinin müstəqil şəkildə irəli sürülməsini istəyirlər. Ona görə ki, son 100 ildə İranda baş verən 4 inqilabda biz öz sözümüzü deyə-deyə inqilablara qoşulmuş, ancaq öz hüququmuzu əldə edə bilməmişik. Bu, başqa qrupların əleyhinə olmaq demək deyil, sadəcə, hər kəs öz dərdinin dərmanını axtarırsa, Azərbaycan milli hərəkatı da öz dərdinin dərmanını axtarır və bunu da milli dövlətçilik xəttinin irəli aparılmasında görür. Güney Azərbaycan federalizm, konfedralizm və ən yaxşı halda müstəqillik istəyir. İki Azərbaycanın birləşməsi məsələsinə gələcəkdə xalqımız qərar verəcək, ancaq Güneydə milli dövlətçilik hələlik ən güclü istəkdir.

– Hazırda mərkəzçi-irançı cərəyan, Rza Pəhləvi, hətta Həsən Şəriətmədari fəallaşıb, qeyri-fars xalqların hüquqları barədə konkret fikir bildirmədən yenə də ümumiran platforması, mərkəzçi mövqe ətrafında birləşməyi təklif edirlər. Bu çağırışlar qeyri-farslar arasında necə qarşılanır?

– İranda yaşayan qeyri-fars xalqlara, azərbaycanlılara qarşı münasibətdə özünü müxalifətçi adlandıran mərkəzçi qüvvələrlə hazırkı molla hakimiyyəti arasında ciddi bir fərq yoxdur. Rza Pəhləvi və hətta adını çəkdiyin Həsən Şəriətmədari İranda yaşayan qeyri-fars xalqların etnik məsələlərdən danışmalarını istəmirlər. Onlar bunu demoktratiya ilə əlaqələndirsələr də, bu, yanlışdır – normal demokratik sistemdə etniklərin də hüquqları tanınmalıdır. Bu adamlar əslində demokratiya adı ilə yenidən keçmiş diktatorluğu bərpa etmək niyyətindədirlər. Məsələn, Həsən Şəriətmədari son müsahibəsində güclü mərkəzçi bir hakimiyyətin qurulmasının tərəfdarı olduğunu bildirir. Mərkəzçilik isə əslində farsçılıq üzərində qurulubdur. O bildirib ki, Livan və İraq kimi bir quruluş mümkün olmasa da, Amerika və Almaniyada olan sistemə oxşar bir federalism istəyir. Belə görünür ki, Həsən Şəriətmədarinin Livan və İraq sisteminə maraq göstərməməsinin səbəbi adı çəkilən ölkələrdə etniklərin dövlətdə iştirakıdır.

– İndiki mərhələdə fars mediası, xüsusilə panfarsist cərəyanlara yaxın media orqanlarının fəaliyyəti daha da genişləndirlib. Xaricdə Güney Azərbaycanla bağlı fəaliyyət göstərən medianın isə ciddi dəstəyə ehtiyac duyduğu hiss olunur. Problemin həlli və Güneylə bağlı olan media orqanlarının dirçəldilməsi üçün nələr etməyi təklif edərdiniz?

– Misal üçün İraqda kürdlərin özlərinin lokal dövləti var və prezidentin hər zaman kürd olması qəbul edilib. Həsən Şəriətmədari isə buna müxalifdir. Maraqlıdır ki, o, Amerika və Almaniyadakı kimi federalizm istəsə də, bu ölkələrdə olan demokratiyanı istəmir. Onun Amerika və Almaniyada olan sistemi qəbul etməsinin səbəbi isə bu ölkələrdə dövlətin milli məsələlər üzərində qurulmamasından irəli gəlir. Həsən Şəriətmədari özünü azərbaycanlı adlandırsa da, milli məsələlərə yanaşmada farslarla eyni xətti irəli aparan şəxslərdən biridir. Onu da qeyd edim ki, Şəriətmədarinin bir tərəfi azərbaycanlı olsa da, bir tərəfi kaşanlıdır və o, əslində Azərbaycan məsələsindən uzaq adamdır.

2020-ci ildə İkinci Qarabağ müharibəsi gedən bir vaxtda Həsən Şəriətmədari xaricdə farsdilli mediaya verdiyi açıqlamalarda Qarabağ ermənilərinin hüquqlarını müdafiə edir, onların taleyindən narahatlığını bildirirdi. Ancaq Qarabağ 30 il müddətinə işğalda qaldığı müddətdə bu adam bircə dəfə bu barədə danışmadı, torpaqlarından didərgin salınan azərbaycanlılar haqqında fikir bildirmədi. Bütün bunlara görə də o, manqurtlaşmış və sadəcə özünü Azərbaycana bağlayaraq farsçılıq edən bir ünsürdür.

– Farsdilli medianın imkanlarının genişlənməsi və son vaxtlar çox aktivləşməsi müşahidə edilir. Eyni sözü azərbaycandilli media haqda demək çətindir.

– Çox doğru deyirsiz. Fars mediası bizimkilərə nisbətən güclü idi, indi daha da gücləndirilib. Həqiqətən də indiki şəraitdə Güney Azərbaycanla bağlı fəaliyyət göstərən media orqanlarının gücləndirilməsinə, inkişaf etdirilməsinə ehtiyac var. Əlbəttə, qeyd etməliyəm ki, farsdilli media xalqın hesabına güclənməyib. Burada Səudiyyə Ərəbistanın və şah dövründən qalan milyardların əhəmiyyətli dərəcədə rolu var. Bununla yanaşı panfarsist cərəyanlara mənsub şəxslər “Amerikanın səsi”, BBC və başqa bu kimi farsca versiyaları olan media orqanlarına nüfuz edərək öz ideoloji təbliğatlarını genişləndiriblər.

Təssüflədeməliyik ki, bizim bir sıra azərbaycanlılarımız qeyd etdiyim farsçıların əksinə olaraq, başqa kanallarda, media orqanlarında işləyəndə də öz milli maraqlarımıza uyğun hərəkət etmirlər.

Güney Azərbaycanla bağlı medianın fəaliyyətinin daha da gəlişdirilməsi və verimli olması üçün ciddi dəstək olmalıdır. İndiki dönəmdə bunun fərdlərin şəxsi imkanları və xalqımızın ianələri ilə reallaşması çətindir. Müsbət nəticə almaq üçün ciddi dəstək qaynaqları olmalıdır. Bu Azərbaycan dövləti, hətta Türkiyə də ola bilər. Burada qeyri-adi heç nə yoxdur və məsləhət olduğu təqdirdə öz dövlətimizin Azərbaycan məsələsinə dəstək verməsi təbiidir.

Təsəvvür edin ki, İraqın şimalında olan yarımçıq kürd muxtariyyəti belə bütün dünyada yaşayan kürdlərə dəstək verir, onların qayğısına qalır. Ancaq hələ bu günə kimi biz Azərbaycandan belə bir yardım görməmişik. Ola bilsin bu, məsləhət olmayıb, ancaq bundan sonra mediamızım inkişafı üçün dəstəyin olması olduqca vacib və zəruridir.

– Tehranda səfirliyimizin bağlanmasına baxmayaraq, Təbrizdəki konsulluğumuz işini davam etdirir. Sizcə, bunun səbəbi nədir?

– Bu, Azərbaycan dövlətinin məharətli siyasət yürütməsindən xəbər verir. Bunun bir neçə səbəbi ola bilər, gələcəkdə hadisələrin inkişaf istiqamətindən asılı olaraq konsulluq bağlana və ya Tehranda səfirliyin fəaliyyəti yenidən bərpa edilə bilər. Mən hələlik məsələ ilə bağlı üç ehtimalı qeyd etmək istəyirəm.

Təbrizdə konsulluğun açıq qalmasının səbəblərindən biri İran və Güney Azərbaycan bölgələrində ailə qurub yaşayan, iş adamları, nəqliyyat sahəsində çalışan və başqa bu kimi səbəblərə görə orada olan Azərbaycan Respublikası vətəndaşlarının problemlərinin həlli ilə məşğul olmaq istəyidir. Bu baxımdan konsulluğun fəaliyyət göstərməsi faydalıdır.

İkinci isə Azərbaycan dövləti çox məsuliyyətli hərəkət edir. Xarici siyasətini hissiyyat üzərində qurmayıb və məsələlərdə Azərbaycan dövlətinin mənafeini əsas götürür. Buna görə də İrandan fərqli olaraq qonşuları ilə daha təmkinli davranır və onlarla siyasi, iqtisadi və mədəni əlaqələrini mümkün qədər qoruyub saxlamağa çalışır. Təbrizdəki konsulluğun bağlanmaması həm də Azərbaycan dövlətinin bütün bağları qoparmaq istəməməsini göstərir. Bu, Azərbaycan dövlətinin siyasətidir və təbii ki, istədiyi vaxt bu məsələdə istədiyi dəyişikliyi edə bilər.

Üçüncü səbəb isə çox sadədir. Azərbaycan konsulluğunun elə Təbrizdə olmasının özü önəmlidir. Səfirlik bağlandığı üçün İranın bütün bölgələri Azərbaycana səfər vizası almaq üçün Təbrizə getməyə məcbur olacaqlar. Bu, həm də özlüyündə əhəmiyyətli bir mesaj ehtiva edir. Bu dəfə Azərbaycan Respublikası Tehranla yox, Təbrizlə bağ qurur və Azərbaycan Respublikasını Təbriz təmsil edir. Ən azı biz güneylilər olaraq bunu bu mənada qəbul edirik və etməliyik. Düşünürük ki, vətənimizin şimal bölgəsində olan dövlətimizin təmsilçisi onun cənub bölgəsindədir.

Bu həm də fars və farsçılara maraqlı siyasi bir mesaj kimi qəbul oluna bilər: “Azərbaycan Respublikasına getmək istəyirsinizsə, birinci Təbrizə getməlisiniz. İcazə versələr, Quzey Azərbaycana gedə bilərsiniz”.

Teqlər: