Xəbər - Elçin Mehdiyev – Trend:
Nüvədi kəndində 1991-ci ilə qədər bir nəfər də olsun erməni yaşamayıb. Həmin kənd tarixi Azərbaycan ərazisidir. İndi kənd sakinləri qayıdıb öz yurdlarında yaşamaq istəyirlər.
Bunu AzerTimes-a Nüvədi kəndinə qayıtmaqla bağlı beynəlxalq təşkilatlara ünvanlanan müraciətin müəlliflərindən olan hüquq elmləri doktoru, professor Əmir Əliyev deyib.
O qeyd edib ki, Nüvədi kəndinin köklü sakinləri ermənilərlə dinc, yanaşı yaşamaq istəyirlər: “1991-ci ilə qədər kənddə bir dənə də olsun erməni yaşamırdı. İndi o bölgədə ermənilər də var, amma olsun, biz dinc, birgə yaşaya bilərik. Bunu beynəlxalq təşkilatlara ünvanlanmış müraciətdə də qeyd etmişik”.
Ə.Əliyev bildirib ki, Nüvədidə çox qədim tarix və mədəniyyət abidələri var: “Ermənilər o tarixi mədəniyyət abidələrini dağıdıb. Biz müraciətimizdə də qeyd etmişik ki, Azərbaycan xalqına məxsus olan o tarixi-mədəniyyət abidələri bərpa edilməlidir. Nüvədi kəndi qeyri-qanuni olaraq Ermənistana verilib. İndi biz Nüvədi kənd əhalisi olaraq BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, eləcə də UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlamışıq ki, öz kəndimizə qayıdıb orada yaşayaq. İnanırıq ki, biz öz istəyimizə çatacağıq”.
Qeyd edək ki, 1991-ci ilə qədər bir nəfər erməninin belə yaşamadığı Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qanunsuz qərarı əsasında Nüvədi kəndi Azərbaycan SSR-nin Cəbrayıl qəzasından Ermənistan SSR-nin Mehri qəzasının inzibati idarəetməsinə verilmişdir. Uzun müddət həmin sənəd rəsmən təsdiq edilməmiş, nəhayət 1969-cu ilin may ayında kəndin əhalisinin heç bir razılığı ifadə edilmədən Nüvədi kəndi Ermənistan SSR-nin Mehri rayonunun inzibati-ərazi vahidinə daxil edilmişdir.