Nursultan Nazarbayev şəxsən Təhlükəsizlik Şurasının sədri vəzifəsini prezident Tokayevə vermək qərarına gəlib – mətbuat katibi

Yelbası bütün bu günlərdə Nur-Sultan şəhərində olub və dövlət başçısına dəstək olub. Lakin vəziyyət çox çətin idi və buna görə də o, şəxsən Təhlükəsizlik Şurasının sədri vəzifəsini prezidentə təhvil vermək qərarına gəlib.

Trend xəbər verir ki, bunu KİV-ə açıqlamasında Qazaxıstanın birinci prezidenti – Yelbası Nursultan Nazarbayevin müşaviri – mətbuat katibi Aydos Ukibay söyləyib.

Onun sözlərinə görə, Yelbası və Kasım-Jomart Tokayev həmişə “barrikadaların eyni tərəfində” olaraq, xalqını, ölkəsini, millətin gələcəyini müdafiə edib, və hamı üçün çətin olan bu günlərdə onlar dövlət hakimiyyətinin tamlığını bir daha nümayiş etdiriblər.

“Son zamanlar mətbuatda və sosial şəbəkələrdə Qazaxıstanın Birinci Prezidenti ilə bağlı çoxlu sayda yalan şayiələr və təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi vəziyyəti və dövlətin konstitusiya əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndiririk.

Əvvəllər bəyan etdiyim kimi, Yelbası bütün bu günlərdə Nur-Sultan şəhərində olub və dövlət başçısına dəstək olub. Lakin vəziyyət çox çətin idi və buna görə də o, şəxsən Təhlükəsizlik Şurasının sədri vəzifəsini prezidentə təhvil vermək qərarına gəlib. Çünki o, yaxşı bilirdi ki, iğtişaşlar və terror ölkə rəhbərliyindən operativ, sərt və barışmaz cavab tələb edir.

Bu çətin zamanda Nursultan Nazarbayev bütün vətəndaşları xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirməyə, terrorçulara qarşı mübarizədə və Qazaxıstanda həyatın normallaşdırılmasında prezidentimiz Kasım-Jomart Tokayevi dəstəkləməyə çağırır.

Yelbası terror aktları nəticəsində insanların həlak olmasından kədərlənir və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir”, – deyə Aydos Ukibay bildirib.

Teqlər: