Nüfuzlu tibbi jurnal olan “The Lancet” Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini haqqında geniş məqalə dərc edib.
Trend jurnala istinadən xəbər verir ki, məqalədə COVID-19 virusuna qarşı başlanılan vaksinasiya prosesinin əhəmiyyətindən, “CoronoVAC” vaksinindən, onun uğurlu sınaqlarının müsbət nəticələrindən bəhs olunur.
Bildirilir ki, gənclərlə müqayisədə 60 yaşlı və ondan yuxarı insanlar, xüsusilə də kəskin xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər COVID-19 xəstəliyini daha ağır keçirirlər və yaş artdıqca ölüm riski də artır. Bu səbəbdən COVID-19-un dünyada yayılmasının qarşını almaq üçün effektiv və təhlükəsiz vaksinlərin tətbiqi zəruridir.
“CoronoVac” vaksininin COVID-19 əleyhinə inaktivasiya edilmiş peyvənd olduğu bildirilən məqalədə deyilir ki, COVID-19-a yoluxma riski yüksək olan 60 yaş və daha yuxarı şəxslərin bu vaksinə daha çox ehtiyacı var. Bu vaksin qeyd edilən yaş qruplarında olan şəxslərin təhlükəsizliyinin, dözümlülüyünün və immunogenliyinin artırılması üçün istifadə edilir.
“CoronoVac” vaksini Çinin Hebey (Hebei) əyalətinin Renku (Renqiu) şəhərində təsadüfi üsulla hər iki gözü kor olan insanlarda kliniki şəraitdə test edilib. Belə ki, vaksin 0-28 gün arasında 2 dozada əzələyə inyeksiya edilir. Vaksinasiya prosesində iştirak edən bütün tərəflər – tədqiqatçılar, həkimlər, laborantlar hamısı maskadan istifadə etməlidir və ilk dozadan sonra vaksinasiya olunan şəxsin vaksinə reaksiyası müşahidə edilir. Əvvəlcədən bütün iştirakçılarla razılaşdırıldığı kimi 28 gündən sonra ikinci doza vurulur.
Məqalədə vurğulanır ki, 2020-ci ilin 22 may və 1 iyun tarixləri arasında birinci faza üzrə 72 nəfərin, 12-15 iyun tarixlərində isə ikinci faza üzrə 350 nəfərin üzərində sınaq vaksinlənmə həyata keçirilib. 28 gün ərzində hər hansı əks reaksiyaya rast gəlinməyib.
Araşdırmaların nəticələrinə əsasən “The Lancet” jurnalı bildirir ki, adıçəkilən vaksin yaşlı şəxslərin dözümlülüyünə müsbət təsir edir və heç bir təhlükəsi yoxdur.
Qeyd edək ki, ölkəmiz də Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini alır. Mərhələli şəkildə ölkəyə gətirilən vaksinlərin ilkin mərhələdə 60 yaşdan yuxarı insanlar, tibb işçiləri, polis əməkdaşları və digər risk qruplarından olan şəxslərə vurulmasına başlanılıb.