Nüfuzlu elmi “PubMed” jurnalında Azərbaycanda orqan
transplantasiyasının tarixinə həsr olunmuş “Azərbaycanda orqan
transplantasiyası əməliyyatlarının qısa tarixi” adlı məqalə dərc
edilib. Məqalənin müəlliflərindən biri AMEA-nın müxbir üzvü,
professor Nuru Bayramovdur. Məqalədə qeyd edilib ki, 2021-ci ilə
qədər ölkəmizdə 898 böyrək, 252 qaraciyər transplantasiyası
əməliyyatları həyata keçirilib. Mərkəzi Gömrük Hospitalı
Azərbaycanda transplantasiya əməliyyatları həyata keçirən 7 tibb
müəəssisəsindən biridir.
Mərkəzi Gömrük Hospitalında orqan transplantasiyasının
təşəbbüskarı və təşkilində mütəxəssislərlə yanaşı, Dövlət Gömrük
Komitəsinin sədri Səfər Mehdiyevin rolunu xüsusi qeyd etmək
lazımdır. Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası
şöbəsinin rəisi, transplantoloq Mircəlal Kazımi Respublikamızda və
Cənubi Qafqazda ilk dəfə qaraciyər transplantasiyası etməklə
bərabər, Mərkəzi Gömrük Hospitalı ölkəmizdə və regionda ən çox
orqan transplantasiyası edən və bu sahədə bir çox ilklərə imza atan
tibb müəssisəsidir.
Belə ki, 28 noyabr 2010-cu il tarixindən Mərkəzi Gömrük
Hospitalında Dr.Nuru Bayramov, Cərrahiyyə şöbəsinin rəisi Namiq
Novruzovun və digər həkimlərlə birgə canlı donor qaraciyər
transplantasiyasına başlanılmış, 2014-cu ilə qədər davam edən bu
müddət ərzində 9 xəstə canlı donordan qaraciyər transplantasiyası
almışdır. 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında böyrək
transplantasiyası əməliyyatlarına başlanılmış və bu müddət ərzində
Dr.Mircəlal Kazıminin rəhbərliyi altında 119 böyrək
transplantasiyası, Dr. Mircəlal Kazımi və Kamran Beydullayev
tərəfindən 98 xəstəyə qaraciyər transplantasiyası əməliyyatı həyata
keçirilib.
Həmçinin, Azərbaycanda Transplantasiya əməliyyatları ilə bağlı
yeni qanun layihəsi 1 yanvar 2022-ci ildən qüvvəyə minib. Bu qanun
layihəsinin hazırlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin
Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., ürək-damar cərrahı Rəşad
Mahmudov, Orqan Transplantasiyası şöbəsinin rəisi Dr.Mircəlal
Kazımi də iştirak ediblər. Xatırladaq ki, bu sahə üzrə 15-ə qədər
azərbaycanlı həkimin, o cümlədən Mərkəzi Gömrük Hospitalının
Cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzovun, Mama-ginekologiya
şöbəsinin rəisi Təranə Bayramova da daxil olmaqla məqalələri
müxtəlif tarixlərdə “PubMed” jurnalında dərc olunub. Məqalənin
linki: http://www.ectrx.org/detail/epub/1/1/1/0/1386/0
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsi və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi başda olmaqla
bütün kollektiv Dr.Nuru Bayramovu və onun həmkarlarını bu
münasibətlə təbrik edir, onlara peşəkar fəaliyyətlərində yeni-yeni
uğurlar arzulayır!