Nüfuzlu beynəlxalq maliyyə-kredit institutları Azərbaycanla əməkdaşlığa hər zaman önəm verir. Pandemiyanın dünya dövlətlərinin iqtisadiyyatına təsir etməsinə baxmayaraq, Azərbaycan bu cür maliyyə təşkilatları üçün yenə də cəlbedicidir. Avropa Yenidənqurma və İnkişaf Bankı da bu maliyyə təşkilatlarından biridir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, otuz ilə yaxındır ki, Azərbaycan bu bankla əməkdaşlıq edir: “Bankın rəhbərini qəbul edərkən Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qurum ölkəmizin transformasiyasında, iqtisadiyyatımızın şaxələndirilməsində daim bizi dəstəkləyib. Təsadüfi deyil ki, AYİB bu vaxta qədər 3 milyard avrodan çox məbləğdə layihələrimizin maliyyələşdirilməsində iştirak edib. Enerji layihələrində də xüsusi fəallıq nümayiş etdirən AYİB Avrasiyanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-a 1 milyard avro dəyərində maliyyə dəstəyi göstərib. Yəni, Azərbaycanla AYİB arasında 30 illik əməkdaşlığın yalnız qarşılıqlı maraq və yüksək etimad prinsipləri üzrə inkişaf etdiyini görürük.
Təbii ki, bu cür maliyyə qurumları xarici kreditlərin səmərəliliyini araşdıraraq maliyyələşdirdiyi layihələrin uğurlu icrasında da maraqlıdır. Azərbaycan bu mənada bütün göstəricilər üzrə maliyyə institutlarının standartlarına cavab verir. Eyni zamanda bu cür maliyyə təşkilatlarının yatırım etdiyi ölkələrə xarici investorların marağı daha böyük olur. Burada təbii ki, iqtisadi inkişaf və sabitlik də böyük rol oynayır. Təhlükəsizlik və dayanıqlı inkişaf başlıca şərtdir”.
Deputat qeyd edib ki, bu gün isə Qarabağın işğaldan azad olunması ilə faktiki AYİB-lə Azərbaycan əməkdaşlığının yeni mərhələsi başlayır: “Qəbul zamanı da qeyd olundu – Azərbaycan Prezidenti işğaldan azad olunmuş əraziləri “yaşıl zona” elan edib və AYİB alternativ enerji mənbələrinə maliyyə yatırımında maraqlıdır. Əslində, Azərbaycan və tərəfdaşları belə bir təcrübəyə malikdir. AYİB Prezidenti xanım Odil Reno-Bassonun Azərbaycan hökuməti ilə külək və günəş enerjisi sahələrində əməkdaşlığı və bununla bağlı qanunvericilik bazasının qəbul edilməsinin önəmini xüsusi vurğulaması Azərbaycanın uğurlu təcrübəsinin təqdir olunduğunu göstərir.
Məlumdur ki, Azərbaycan AYİB-in yaşıl zərfini tətbiq etdiyi ölkələrdən biridir. Yeni əməkdaşlıq mərhələsində imkanlar daha geniş şəkildə dəyərləndiriləcəkdir. Çünki Qarabağ zonası bu baxımdan olduqca əlverişlidir. Regionunun təbii resurslarla zəngin olması, eləcə də yaşıl zona kimi mövcud potensialı bərpa prosesi tam başa çatdıqdan sonra xarici investorların uzunmüddətli yatırımlar etməsini şərtləndirir”.